Əsas səhifə » Fənərbağça Kinqsley Komanı transfer etmək istəyir

Fənərbağça Kinqsley Komanı transfer etmək istəyir

BAKI, AzerVoice

Fənərbağça yeni mövsüm üçün heyətini gücləndirmək məqsədilə Bavariyanın fransalı ulduzu Kinqsley Komanı transfer etməyə hazırlaşır.

AzerVoice xəbər verir ki, klubun baş məşqçisi Joze Mourinyo bu keçidə müsbət yanaşdığını bildirərək transferə “yaşıl işıq” yandırıb.

İstanbul təmsilçisi Komanı satınalma opsiyası ilə icarəyə götürmək üçün ilkin təmaslara başlayıb. Klub rəhbərliyi futbolçunun performansını, zədələnmə tarixçəsini və mövcud vəziyyətini dəyərləndirdikdən sonra son qərarı Mourinyo verib.

Super Liqada son 11 mövsümdə çempionluğa həsrət qalan Fənərbağça rəhbərliyi bu il Joze Mourinyonun rəhbərliyi altında iddialı heyət qurmaq niyyətindədir. Mourinyo isə Komanın həm texniki keyfiyyətləri, həm də beynəlxalq təcrübəsi ilə komandaya ciddi töhfə verəcəyinə inanır.

Hazırda Fənərbağça sol cinahda yalnız Oğuz Aydına güvənir. Bu səbəbdən Mourinyo mövqedə gücləndirmə üçün Komanı əsas hədəflərdən biri kimi görür.

29 yaşlı Kinqsley Koman 2017-ci ildən bu yana Bavariyanın heyətində çıxış edir. Fransalı futbolçu indiyədək Almaniya klubunda 339 oyunda 72 qol vurub, 71 məhsuldar ötürmə ilə yadda qalıb. Koman həmçinin Klub Dünya Çempionatında 4 oyunda 2 qol və 2 assistlə fərqlənib.

Onun karyerasına 9 Bundesliqa çempionluğu, UEFA Çempionlar Liqası və bir sıra yerli titullar daxildir. Bavariyanın son vaxtlar Liverpoolun cinah oyunçusu Luis Diasla maraqlanması isə Komanın komandadan ayrılmaq ehtimalını artırıb.

Fənərbağça hələlik Komanın transferi ilə bağlı Bavariyaya rəsmi təklif göndərməyib. Lakin danışıqların sürətlənəcəyi və yaxın günlərdə müvafiq təklifin təqdim olunacağı gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice