Əsas səhifə » "Yuventus" Kolo Muanini heyətində saxlamaq istəyir

"Yuventus" Kolo Muanini heyətində saxlamaq istəyir

BAKI, AzerVoice

İtaliya A Seriyası təmsilçisi "Yuventus", "Paris Sen-Jermen"dən (PSJ) icarəyə götürdüyü Randal Kolo Muanini heyətində saxlamaq üçün hərəkətə keçib.

AzerVoice xəbər verir ki, bu barədə "Sportmediaset" portalı məlumat yayıb.

Məlumata görə, "Yuventus" fransalı hücumçunu yenidən icarəyə götürmək niyyətindədir. Turin klubu bu məqsədlə əvvəlki icarə müqaviləsinə görə ödənilən məbləği artırmağa hazırdır və bu təklifini artıq PSJ-yə təqdim edib.

Lakin tərəflər arasında danışıqlarda əsas maneə satınalma məsələsidir. "Yuventus", 26 yaşlı futbolçu üçün nəzərdə tutulacaq yeni müqaviləyə satınalma şərti əlavə etmək istəmir. Digər tərəfdən, PSJ bu təklifi qəbul etmir və Kolo Muanini satmaq istədiyindən, müqaviləyə 40–50 milyon avro arasında dəyişən satınalma şərti daxil etmək niyyətindədir.

Kolo Muani daha əvvəl verdiyi açıqlamada "Yuventus"da xoşbəxt olduğunu və karyerasını İtaliyada davam etdirmək istədiyini bildirmişdi.

Qeyd edək ki, fransız hücumçu ötən mövsümün ikinci yarısında "Yuventus"un heyətində 22 matçda çıxış edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Hazırda onun transferi ilə bağlı danışıqlar davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice