Əsas səhifə » "Liverpul" Dioqo Jotanın ölümü ilə əlaqədar mövsümöncəsi hazırlıq prosesini təxirə salıb

"Liverpul" Dioqo Jotanın ölümü ilə əlaqədar mövsümöncəsi hazırlıq prosesini təxirə salıb

BAKI, AzerVoice

İngiltərənin “Liverpul” klubunun mövsümöncəsi hazırlıq prosesi portuqaliyalı futbolçu Dioqo Jotanın ölümü səbəbilə təxirə salınıb.

AzerVoice xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

Futbolçuların ilk qrupu iyulun 4-də klubun bazasına toplaşmalı idi. Hazırda komandanın hazırlığının nə vaxt başlanacağı məlum deyil. İyul 13-də “Liverpul”un İngiltərə təmsilçisi “Preston”la yoldaşlıq oyunu keçirməsi planlaşdırılır.

Qeyd edək ki, Dioqo Jota iyulun 3-də avtomobil qəzasında həlak olub. Futbolçunun və onun qardaşının olduğu “Lamborghini” markalı avtomobil təkərin partlaması nəticəsində idarəetməni itirib, yoldan çıxaraq aşıb və yanıb. Onların ötən gün vida və dəfn mərasimi keçirilib.

Dioqo Jota 28 yaşında idi. O, 2020-ci ildən “Liverpul”da çıxış edirdi. Komandanın heyətində İngiltərə çempionu, İngiltərə Kuboku və Liqa Kuboku qalibi olub. Ümumilikdə “Liverpul”un heyətində 182 oyuna çıxıb, 65 qol vurub və 26 məhsuldar ötürmə edib. Portuqaliya millisində isə iki dəfə Millətlər Liqasını qazanıb. Əvvəllər İspaniyanın “Atletiko”, Portuqaliyanın “Portu” və İngiltərənin “Vulverhempton” klublarında oynayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice