BAKI, AzerVoice
Klublararası dünya çempionatının yarımfinalında “Çelsi” və “Fluminense” komandaları arasında keçiriləcək oyunun bilet qiymətləri cəmi üç gün ərzində 35 dəfədən çox ucuzlaşaraq 473,9 dollardan 13,4 dollara düşüb.
AzerVoice xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
İngiltərə və Braziliya klubları arasındakı qarşılaşma iyulun 8-də ABŞ-ın Nyu-Cersi ştatında yerləşən, 80 min azarkeş tutumuna malik "MetLife" stadionunda baş tutacaq.
“Çelsi” azarkeşləri bu cür ucuz biletlərlə öz komandalarının oyunlarına sonuncu dəfə 1990-cı illərin əvvəllərində qatılıblar.
Qeyd edək ki, adətən daha bahalı sayılan aşağı tribunadakı yerlərə bilet qiyməti hazırda 44,6 dollardır. Eyni stadionda iyulun 9-da keçiriləcək digər yarımfinal — “Real Madrid” və PSJ arasında oyuna isə biletlər 200 dollardan başlayır. Halbuki, bu qiymət iyulun 2-də 978 dollar idi.
FİFA turnirdə “dinamik qiymət siyasəti” tətbiq edir. Nəşrin məlumatına görə, bu sistemin 2026-cı ildə keçiriləcək dünya çempionatında da tətbiqi planlaşdırılır.
Bu il ilk dəfə 32 komandanın iştirakı ilə keçirilən turnirin qrup mərhələsində orta tamaşaçı sayı 35 min nəfər olub. Lakin bir çox oyunlarda on minlərlə boş yer müşahidə edilib.