Əsas səhifə » Keyptaunda daşqınlar nəticəsində 4 min nəfər evsiz qalıb

Keyptaunda daşqınlar nəticəsində 4 min nəfər evsiz qalıb

BAKI, AzerVoice

Cənubi Afrikanın ən böyük şəhərlərindən biri olan Keyptaunda güclü yağışların yaratdığı daşqın nəticəsində təxminən 4 min nəfər evsiz qalıb.

AzerVoice xəbər verir ki, bu barədə ölkənin yerli radiostansiyası məlumat yayıb.

Daşqın şəhərin beş rayonunu əhatə edib, çoxsaylı evlərə ziyan dəyib, şəhər daxilində əsas avtomobil yolları bağlanıb. Hazırda xilasetmə işləri aparılır. Keyptaun şəhərində zərərçəkənlər üçün yeddi ianə qəbul məntəqəsi açılıb, vətəndaşlar oraya isti geyim və ərzaq gətirirlər. Daşqınla yanaşı, ölkənin geniş ərazilərini əhatə edən soyuq hava şəraitindən zərər çəkmiş 35 min nəfərə yardım göstərilib.

Cənubi Afrikaya dörd gün əvvəl gələn soyuq cəbhə bu qış mövsümündə ikinci olub. Gecə temperaturu ölkənin qərb və mərkəzi bölgələrində sıfır dərəcə ətrafında dəyişir, yağışlarla birlikdə güclü küləklər də müşahidə olunur.

Yerli hakimiyyət orqanları əhalini soyuqdan qorunmaq üçün zəruri tədbirlər görməyə çağırıb.

Məlumat üçün bildirək ki, Cənubi Afrika Respublikası (CAR) Cənub yarımkürəsində yerləşdiyindən qış mövsümü iyun–avqust aylarına təsadüf edir. Ən soyuq aylar adətən iyun və iyul sayılır. Bu ilki qış isə son yüzillikdəki ən sərt fəsillərdən biri hesab olunur. Cənubi Afrikanın iqlimi əsasən təxminən 4 min kilometr uzaqlıqdakı Antarktidanın təsiri altındadır.

Digər Kateqoriyalar

2025 © Azervoice