BAKI, AzerVoice
UFC orta çəki dərəcəsində döyüşən Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Xamzat Çimayevin titul uğrunda döyüşü rəsmi şəkildə təsdiqlənib.
AzerVoice xəbər verir ki, promouter təşkilatın sosial şəbəkə hesablarında UFC 319 turnirinin afişası dərc olunub.
Turnirin 16 avqust 2025-ci ildə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində yerləşən United Center arenasında keçirilməsi planlaşdırılır. Gecənin əsas qarşılaşması UFC orta çəki çempionu Drikus dü Plessi ilə bu titula əsas iddiaçı sayılan Xamzat Çimayev arasında olacaq.
Qeyd edək ki, daha öncə Drikus dü Plessinin məşq zamanı zədə aldığı açıqlanıb və bu səbəbdən qarşılaşmanın baş tutmayacağı ehtimal olunurdu. Braziliyalı döyüşçü Kayu Borralyo isə zədələnmiş çempionun əvəzinə döyüşə çıxmağa hazır olduğunu bildirib və Çimayevin də bu təklifi qəbul etdiyini açıqlanıb. Lakin artıq UFC rəhbərliyi Drikus və Çimayev arasında döyüşü rəsmi şəkildə elan etdiyindən, bu iddiaların etibarlılığı sual altına düşüb.
Xatırladaq ki, Drikus dü Plessi son dəfə 8 fevral 2025-ci ildə Sidney şəhərində keçirilən UFC 312 turnirində döyüşüb. Keçmiş UFC çempionu Şon Striklendə qarşı dominant performans göstərən döyüşçü rəqibinə ciddi fiziki zədə yetirib və hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.
Çimayev isə sonuncu dəfə 26 oktyabr 2024-cü ildə Əbu-Dabidə keçirilən UFC 308 turnirində keçmiş orta çəki çempionu Robert Uittakerlə qarşılaşıb. Döyüşün ilk 30 saniyəsində rəqibini yerə salan və çənəsini kilidə alan Çimayev rəqibini təslim olmağa məcbur edərək qələbə qazanıb.