Əsas səhifə » Yeni Əməvilər və Yeni Suriya

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Ərəb–İslam tarixində yaranmış bütün sülalə və dövlətlər arasında Bəni Üməyyə (Əməvilər), ərəb kimliyini dirçəltmək layihəsinin daşıyıcısı kimi önə çıxmışdır. Bəşşar Əsədin və onun rejiminin süqutundan sonra Əməvilər haqqında fikirlər artmağa başladı və hətta bəziləri tərəfindən "üməviyyə siyasəti və mədəniyyəti" kimi anlayışlar təbliğ olunmağa başladı.

Əməvilərin bu layihənin simvoluna çevrilməsi çətin izah olunmur. Bu, sadəcə İran rəhbərliyində formalaşan və Əsəd rejimi, "Hizbullah", İraq hakimiyyətinin böyük bir hissəsi və Yəməndə husiləri əhatə edən "müqavimət oxu"nun sonunun elanıdır. Bu arada, Livandakı "Milli Azadlıq Hərəkatı" (Avnistlər) bu oxun güclü dövrlərində tərəfdar kürsüsündə əyləşmişdi.

Lakin "yeni Əməvilər" bu məsələnin təkcə ərəb nəzarətinin yenidən bölgənin taleyinə qayıtmasından ibarət olmadığını deməkdən çəkinirlər. Burada məqsəd müsəlman ərəb sünnilərinin bu vəzifəni öz üzərinə götürməsi və "müqavimət oxu"nda önə çıxan məzhəb və icmaların son məğlubiyyətlərindən və Əsəd rejiminin çöküşündən sonra arxa plana çəkilməsidir.

Tarixçilər arasında Əməvilər haqqında mövcud olan məlumatların əksəriyyətinin onların süqutundan sonra yazıldığı və onlara qarşı açıq düşmənçiliklə dolu olduğu barədə razılıq var. Əməvilər dövrünə aid bizə çatan ən qədim mənbə, həmin dövrün sonlarında doğulmuş Xəlifə ibn Xəyatın Əbbasilər dövrünün əvvəlində yazdığı əsərdir. Üstəlik, Əməvi dövləti bir əsr belə yaşamamış və liderləri bir tərəfdən fəthlər, digər tərəfdən isə vətəndaş və qəbilə müharibələri ilə məşğul olmuşlar. Müasir arxeologiya və numizmatika (pul elmi) isə Əməvilər haqqında daha fərqli bir hekayə təqdim edir. Əməvi tarixi ilə bağlı rəvayətlərin ziddiyyətlərinə dərindən girmədən belə, İordaniyadakı Qusayr Amra sarayı üzə çıxardığı faktlarla bu tarixin bütövlükdə sorğulanmasına səbəb olur.

Dini baxımdan, Əməvi xilafətinin sünni məzhəbinə aid olduğu yalnız imam Əli ibn Əbu Talibə qarşı olan siyasi mübarizə çərçivəsində müəyyənləşdirilir. Bu isə bəzi həqiqətlərin unudulmasına səbəb olur, çünki sünnilik və şiəlik məzhəbləri yalnız daha sonrakı dövrlərdə, yəni Əməvilərdən sonra ortaya çıxmışdır. Doğrudur, Əməvilər dövlət ideologiyası olaraq "cəbr"i – yəni hökm və iradəni Allahın iradəsi ilə izah edən bir anlayışı – mənimsəmişdilər ki, bu da onların mütləq və irsi hakimiyyətini əsaslandırmağa xidmət edirdi. Lakin Əməvilər dövründə konkret fiqhi məktəblər formalaşmamışdı; bunların meydana çıxması Əbbasilər dövrünə aiddir.

Dini-fiqqi səviyyədə vəziyyət belədir. Əgər mövcud mənbələrə əsaslansaq, Əməvi imperatorluq layihəsinin davamlı dövlət quruluşuna sahib olmadığını görərik. Əməvi fəthlərinin sürətinə heyran qalmaqla yanaşı, "Əndəlusdan Sinda qədər uzanan" xilafətin əslində fəthlərdən gələn qənimətlərin bölgüsü əsasında fəaliyyət göstərdiyini də unutmamalıyıq. Bu fəthlər dayandıqda isə dövlət öz ordusuna vəd etdiyi maaş və imtiyazları təmin edə bilmədi. Bu da xalqda narazılığın və üsyanların artmasına səbəb oldu. Məsələn, Yezid ibn Vəlid maaşları azaltdığı üçün "naqis" (azaldan) ləqəbi ilə tanındı.

Əsas sual budur: Yeni Əməvilik - bu gün Suriyada şahid olduğumuz kimi böyük əngəllərlə üz-üzə olan bir dövlətin şüarı ola bilərmi?

Aydındır ki, Əməviləri siyasi ideya kimi təklif edənlər, bu şüarın yalnız zahiri – yəni Əməvi bayraqlarının Əndəlus və Sinddə dalğalanmasını – əsas götürüblər. Halbuki bu, fəth ideyasını tərənnüm etməkdir – elə bir zamanda ki, İsrail tankları ölkənin cənubunda irəliləyir, dövlətin yenidən birləşməsi və daxili barış şansları çox zəif görünür və iqtisadiyyat hələ də ciddi böhrandan çıxmayıb.

Sadəcə olaraq qeyd edilməlidir ki, bizi o dövrlərdən min iki yüz ildən çox bir zaman ayırır və bu müddətdə çox hadisələr baş verib. Tarixə qayıtmaq – əksər hallarda – əsaslı reallığı olmayan xəyallara sərmayə yatırmaq deməkdir. Əslində, bu "Əməvilik romantizmi" də, keçmişi gələcəyin istiqamətvericisinə çevirməyə çalışan BƏƏS ideologiyasından qaynaqlanır. Nəticədə isə həm Bağdad, həm də Dəməşqdəki BƏƏS partiyaları keçmişi, bu günü və gələcəyi eyni anda məhv etdilər.

Digər Kateqoriyalar

2025 © Azervoice