Əsas səhifə » Liviyadakı silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 58-ə çatıb

Liviyadakı silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 58-ə çatıb

BAKI, AzerVoice

Liviyanın paytaxtı Tripoli şəhərində silahlı toqquşmalar nəticəsində ölənlərin sayı artıb.

AzerVoice xəbər verir ki, bu haqda Liviya mediası məlumat yayıb.

İlkinn məlumata görə, silahlı toqquşmalarda 6 nəfər mülki vətəndaş olmaqla 58 nəfər ölüb, 93 nəfər isə yaralanıb.

Liviyanın müvəqqəti Milli Birlik Hökumətinə (MBH) tabe olan “444-cü döyüş briqadası” ilə Abdulrauf Kara rəhbərliyindəki “Əl-Rədə aparatının” döyüşçüləri arasında baş verən toqquşmalar, Baş nazir Əbdülhəmid Dibeybənin Əl-Rədə aparatını ləğv etmək qərarı ilə daha da şiddətlənib. Nəticədə hava nəqliyyatı və təhsil fəaliyyəti dayandırılıb, dövlət idarələrinin işi müvəqqəti olaraq dayandırılıb. Misir və bir sıra başqa dövlətlər Liviya ilə bağlı vəziyyətin təhlükəli həddə çatmasından narahatlıqlarını bildiriblər. BMT isə tərəflər arasında gərginliyin azaldılmasına çağırıb.

Liviya Təcili Yardım və Fövqəladə Hallar İdarəsi münaqişə tərəflərindən humanitar atəşkəs elan etməyi və mülki əhalinin təxliyəsi üçün təhlükəsiz dəhlizlərin açılmasını tələb edib. Münaqişə zonalarına yardım çatdırmaqda böyük çətinliklərin olduğu bildirilib.

Şəhərin bir çox bölgəsində baş verən döyüşlər nəticəsində geniş dağıntılar meydana gəlib. Liviyanın Müdafiə Nazirliyi Əl-Giran və Cənzur bölgələrində atəşkəs əldə olunduğunu və ərazidə sabitliyin təmin olunması üçün tədbirlərin görüldüyünü açıqlayıb.

Nazirlik hal-hazırda münaqişə bölgələrindəki hərbi mövqelərə nəzarət etdiyini, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əlavə təhlükəsizlik tədbirləri gördüyünü bildirib. Hər hansı qanunsuz hərbi hərəkətlərin sərt şəkildə qarşısının alınacağı açıqlanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice