BAKI,AzerVoice, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Tramp İran istiqamətində yeni hərbi donanmanın yola salındığını açıqlayıb.
AzerVoice xəbər verir ki, ABŞ prezidenti İranın nüvə potensialı ilə bağlı əvvəlki əməliyyatlara da toxunaraq, 2025-ci ilin iyun ayında həyata keçirilən “Operation Midnight Hammer” əməliyyatı nəticəsində Tehranın nüvə imkanlarının məhv edildiyini deyib.
“Bu addım gecikmişdi. İnsanlar 22 ildir bunu gözləyirdi. Biz bunu etməyə məcbur idik”- deyə Tramp qeyd edib.
ABŞ prezidenti İran istiqamətində yeni hərbi hərəkətliliyin başladığını da vurğulayıb.
“İran tərəfə yeni, güclü bir donanma irəliləyir. Ümid edirəm ki, razılaşma əldə edilər və ondan istifadə etməyə ehtiyac qalmaz. Əgər ilk mərhələdə razılaşma olsaydı, bu gün İran tamamilə fərqli vəziyyətdə olardı”-deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ son dövrlərdə İran ətrafında hərbi mövcudluğunu artırır. Bu çərçivədə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” aviadaşıyıcı gəmisi və onun zərbə qrupu artıq bölgədə yerləşdirilib.
Xatırladaq ki, İranın milli valyutası rialın kəskin dəyər itirməsindən sonra ötən ilin dekabrında Tehranda və digər şəhərlərdə genişmiqyaslı etiraz aksiyaları başlayıb. İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) məlumatına görə, aksiyalar zamanı 6 mindən çox insanın həlak olduğu, 41 mindən artıq şəxsin isə saxlanıldığı iddia olunur. Tehran rəsmiləri isə ölənlərin sayı ilə bağlı indiyədək rəsmi statistika açıqlamayıb.