BAKI,AzerVoice, Fərid Mikayılov
ABŞ-ın sabiq prezidenti Bill Klinton amerikalıları ölkə prezidenti Donald Trampa qarşı birləşməyə və açıq mövqe nümayiş etdirməyə çağırıb.
AzerVoice xəbər verir ki, Klintonun sözlərinə görə, ABŞ demokratiyasının dəyərlərinə inanan hər kəs fəal olmalı və ölkənin hələ də xalqa məxsus olduğunu nümayiş etdirməlidir.
“ABŞ demokratiyasının vədlərinə inanan bütün insanlar ayağa qalxmalı, səslərini ucaltmalı və ölkəmizin hələ də bizə, xalqa məxsus olduğunu göstərməlidir” - deyə sabiq prezident vurğulayıb.
Bill Klinton son günlər Minnesota ştatının Minneapolis şəhərində baş verən hadisələri “dəhşətli mənzərələr” adlandıraraq, belə halların ABŞ-da baş verəcəyini heç vaxt təsəvvür etmədiyini qeyd edib. Onun fikrincə, hazırkı proseslər ölkənin tarixini uzun illər üçün müəyyən edə bilər və bu səbəbdən amerikalılar öz azadlıqlarını qorumaq üçün mövqe ortaya qoymalıdırlar.
Qeyd edək ki, yanvarın 24-də ABŞ-ın Miqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşları 37 yaşlı reanimasiya tibb işçisi Aleks Ceffri Prettiyə atəş açıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hadisə ilə bağlı açıqlamasında Prettinin silahlı olduğunu və üzərində iki daraq gəzdirdiyini, federal agentlərin isə özünümüdafiə məqsədilə atəş açdıqlarını bildirib.
Xatırladaq ki, daha əvvəl Minnesota ştatında ABŞ sərhəd xidmətinin fəaliyyətinə qarşı keçirilən etiraz aksiyaları zamanı bir təhlükəsizlik əməkdaşının barmağının dişlənərək qoparıldığı da bildirilmişdi.