BAKI, AzerVoice, Nailə Babazadə
ABŞ-da federal hökumət tarixin ən uzunmüddətli qapanmasından sonra yenidən qismən qapanma riski ilə üz-üzədir.
AzerVoice xəbər verir ki, konqresdəki büdcə danışıqlarında yaranan fikir ayrılıqları və artan siyasi gərginlik, yanvarın 30-da hökumətin fəaliyyətinin yenidən dayanması ehtimalını gücləndirib.
Şənbə günü ABŞ-ın Minneapolis şəhərində federal agentin bir nəfəri güllələyərək öldürməsindən sonra Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinə (ICE) qarşı ictimai və siyasi təpkilər artıb. Bu hadisə Konqresdəki demokratlar arasında Daxili Təhlükəsizlik Departamentinin (DHS) maliyyələşdirilməsi ilə bağlı narahatlıqları yenidən alovlandırıb.
ABŞ Senatındakı Azlıqların lideri, demokrat Çak Şumer bildirib ki, bu həftə gündəmə gələcək büdcə layihələri arasında yer alan və Daxili Təhlükəsizlik Departamentinin maliyyələşdirilməsini nəzərdə tutan sənədə səs verməyəcəklər. Bu qərar yanvarın 30-u cümə günü gecə yarısından etibarən federal hökumətin qismən qapanma riskini artırıb.
Bu arada, mərkəzi ofisi Minnesotada yerləşən "Target" və "Best Buy" kimi nəhəng şirkətlərin rəhbərləri də daxil olmaqla 60-dan çox iş adamı ştat, yerli və federal rəsmilərə müraciət edib.
Məktubda deyilir: "Dünənki faciəvi xəbərlərin ardından gərginliyin dərhal azaldılması, ştat, yerli və federal rəsmilərin birlikdə işləməsi üçün çağırış edirik."
Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası keçən həftə Müdafiə, Əmək, Səhiyyə, Təhsil, Nəqliyyat və Daxili Təhlükəsizlik kimi nazirlikləri maliyyələşdirəcək, ümumi dəyəri təxminən 1,2 trilyon dollar olan büdcə layihələrini qəbul etmişdi.
Lakin Nümayəndələr Palatasının təsdiqi kifayət etmir. Qanun layihələri Senat tərəfindən təsdiqlənməzsə və ya proses gecikərsə, müvafiq qurumların maliyyələşməsi dayandırılır ki, bu da hökumətin qapanmasına gətirib çıxarır.
Qeyd edək ki, ABŞ ötən il büdcə çatışmazlığı səbəbindən tarixin ən uzun hökumət qapanmasını yaşamışdı. Oktyabrın 1-də başlayan və 40 gündən çox davam edən böhran, tərəflərin yanvarın 30-dək keçici büdcə barədə razılığa gəlməsi ilə müvəqqəti həll olunmuşdu. İndi isə həmin möhlətin bitməsinə sayılı günlər qalıb.