BAKI, AzerVoice, Nailə Babazadə
Almaniya Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun bu gün Qrenlandiyanı tərk edəcəyi bildirilib. Almaniya Xəbər Agentliyinə (DPA) danışan hərbi rəsmi 15 əsgərdən ibarət heyətin mülki təyyarə ilə Kopenhagenə yola düşəcəyini açıqlayıb. Heyətin qarşıya qoyulan vəzifəni yerinə yetirdiyini qeyd edən rəsmi kəşfiyyat nəticələrinin yaxın günlərdə qiymətləndiriləcəyini vurğulayıb.
AzerVoice xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi Danimarkanın dəvəti ilə 15-17 yanvar tarixlərində digər Avropa ölkələri ilə birlikdə Qrenlandiyada kəşfiyyat işlərinə qatılacağını elan etmişdi. Alman heyəti hərbi təlimlər üçün şəraiti öyrənmək məqsədilə 16 yanvar cümə günü Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə getmişdi.
ABŞ Prezidenti Donald Tramp ölkəsinin milli təhlükəsizlik məqsədilə Qrenlandiyaya ehtiyacı olduğunu və bunun "Qızıl Qübbə" layihəsi üçün həyati əhəmiyyət kəsb etdiyini bəyan edib. Tramp ABŞ-ın Qrenlandiyanı almasına qarşı çıxan 8 Avropa ölkəsinə qarşı yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlayaraq dünya sülhünün təhlükədə olduğunu iddia edib. Həmin 8 Avropa ölkəsi isə birgə bəyanat yayaraq ABŞ Prezidentinin bu qərarına sərt reaksiya göstərib.
Danimarka Krallığına bağlı muxtar bölgə olan Qrenlandiya ABŞ-ın suverenliyin devredilməsi ilə bağlı təkliflərini əvvəllər də rədd etmişdi. Son dövrlərdə Danimarka müttəfiqləri ilə birlikdə bölgədə hərbi əməkdaşlığı artırmaq çağırışı edib. Bu çərçivədə bir sıra Avropa ölkələri kiçik hərbi bölmələri və zabitləri Qrenlandiyaya göndərəcəklərini bəyan ediblər.