BAKI, AzerVoice, Nailə Babazadə
ABŞ-ın nəqliyyat naziri Şon Daffi Venesuelaya hərbi müdaxilədən sonra Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.
AzerVoice xəbər verir ki, nazir ABŞ mərkəzli X sosial media platformasında paylaşdığı açıqlamada, Karib hövzəsi ətrafındakı hava məkanında dünən tətbiq olunmağa başlayan məhdudiyyətlərin yerli vaxtla saat 00:00-da başa çatacağını və uçuşların bərpa ediləcəyini bildirib.
Daffi hava yolu şirkətlərinin məlumatlandırıldığını, vəziyyətdən təsirlənən sərnişinlərin uçuşlarla bağlı aviaşirkətlərdən məlumat almalarının vacib olduğunu qeyd edib.
Açıqlamadan sonra American Airlines, Delta, United, Frontier Airlines və JetBlue kimi şirkətlərin Karib istiqamətində uçuşlara yenidən başlamağa hazırlaşdığı bildirilib.
Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bir gün əvvəl “davam edən hərbi fəaliyyətləri” əsas gətirərək Venesuela və Karib hövzəsi hava məkanında ABŞ-a məxsus kommersiya uçuşlarını qadağan etmişdi. Qərardan sonra bir çox reys ləğv olunmuşdu.
Xatırladaq ki, Venesuelanın paytaxtı Karakasda bir gün əvvəl yerli vaxtla təxminən saat 02:00-da partlayış və təyyarə səsləri eşidilmişdi. Hadisədən sonra Venesuela hakimiyyəti ABŞ-ı ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib.
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı hücum həyata keçirildiyini, Maduronun və həyat yoldaşının ölkə xaricinə çıxarıldığını açıqlamışdı.
ABŞ-ın ədliyyə naziri Pam Bondi isə Nikolas Maduro və həyat yoldaşı Siliya Flores barəsində ABŞ-da cinayət işi qaldırıldığını, Maduronun “narkotik terrorizmi, kokain qaçaqmalçılığı, ABŞ-a qarşı avtomatik silah və dağıdıcı qurğulara sahib olmaq” ittihamları ilə üzləşdiyini bildirmişdi.
Venesuela rəhbərliyi ABŞ-ın hərəkətlərinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsi üçün çağırış edib. Bəzi ölkələr hücumu tənqid edərkən, digərləri açıqlamaları ilə ABŞ-a dəstək verdiklərini bəyan ediblər.