BAKI, AzerVoice, Nailə Babazadə
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelaya qarşı hərbi müdaxiləsi və Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasına etiraz məqsədilə Vaşinqtonda, Ağ Evin qarşısında nümayiş təşkil olunub.
AzerVoice xəbər verir ki, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini pisləmək üçün toplaşan etirazçılar “Neft naminə qan tökülməsin”, “Bu müharibə qanunsuzdur”, “ABŞ, Latın Amerikasından əlini çək” və “Konqres, Trampın müharibəsini dayandır” şüarları yazılmış plakatlar qaldırıblar.
Xatırladaq ki, Venesuelanın paytaxtı Karakasda bir gün əvvəl yerli vaxtla təxminən saat 02:00-da partlayış və təyyarə səsləri eşidilmişdi. Hadisədən sonra Venesuela hakimiyyəti ABŞ-ı ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib.
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı hücum həyata keçirildiyini, Maduronun və həyat yoldaşının ölkə xaricinə çıxarıldığını açıqlamışdı.
ABŞ-ın ədliyyə naziri Pam Bondi isə Nikolas Maduro və həyat yoldaşı Siliya Flores barəsində ABŞ-da cinayət işi qaldırıldığını, Maduronun “narkotik terrorizmi, kokain qaçaqmalçılığı, ABŞ-a qarşı avtomatik silah və dağıdıcı qurğulara sahib olmaq” ittihamları ilə üzləşdiyini bildirmişdi.
Venesuela rəhbərliyi ABŞ-ın hərəkətlərinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsi üçün çağırış edib. Bəzi ölkələr hücumu tənqid edərkən, digərləri açıqlamaları ilə ABŞ-a dəstək verdiklərini bəyan ediblər.