BAKI, AzerVoice, Nailə Babazadə
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, sanksiyalarla mübarizədə əsas həll yolu iqtisadi diplomatiyanın gücləndirilməsidir. Nazir bu məqsədlə Xarici İşlər Nazirliyində xüsusi iqtisadi diplomatiya üzrə müavinliyin yaradıldığını və bu istiqamətdə vilayət səviyyəsində diplomatiya konfranslarının keçirildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Əraqçi çərşənbə günü Məşhəd şəhərində jurnalistlərə verdiyi açıqlamada deyib ki, İran İslam Respublikasının xarici siyasətində əsas prioritet qonşu ölkələrlə münasibətlərdir. Onun sözlərinə görə, bu məsələ siyasi, təhlükəsizlik və strateji baxımdan olduğu kimi, iqtisadi cəhətdən də mühüm əhəmiyyət daşıyır.
Nazir qeyd edib ki, vilayət diplomatiyasının əsas məqsədlərindən biri hər bir bölgənin xarici əlaqələr, xüsusilə də qonşu ölkələrlə iqtisadi əməkdaşlıq sahəsindəki potensialını daha səmərəli şəkildə istifadə etməkdir.
Əraqçinin sözlərinə görə, sanksiyalar şəraitində qonşularla iqtisadi əlaqələrin genişləndirilməsi bu məhdudiyyətlərin mənfi təsirlərini azaltmaq üçün mühüm imkanlar yaradır.
“Əslində, sanksiyaların təsirini neytrallaşdırmaq üçün ən təsirli strategiyalardan biri regional və sərhəd imkanlarından səmərəli istifadə etməkdir,” – deyə o vurğulayıb.
Nazir əlavə edib ki, ölkədə böyük iqtisadi potensial mövcuddur və bu imkanlar vilayətlər ilə qonşu ölkələr arasında birbaşa əlaqələrin gücləndirilməsi yolu ilə canlandırıla bilər.