BAKI,AzerVoice, Fərid Mikayılov
İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq üçün yola çıxan Azadlıq (Sumud) Flotiliyasına qarşı növbəti pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirilib.
AzerVoice xəbər verir ki, Flotiliya rəhbərliyinin açıqlamasına görə, hücum nəticəsində xəsarət alan olmayıb, lakin gəmilərdən birində yanğın baş verib və Tunisli xilasedicilər tərəfindən qısa müddətdə söndürülüb.
“Gecə növbəm yeni bitmişdi və yatmağa gedirdim. Birdən dron qışqırıqları eşidildi. Qoruyucu jileti geyinib içəri qaçdım. Kiçik drondan atılan yanıcı maddə gəmiyə düşərək yanğına səbəb oldu”- deyə Flotiliyada iştirak edən fəallardan Leyla Heqazi, hücum anını belə təsvir edib.
Flotiliyanın Tunis Deklarasiyası İcra Üzvü Vail Nevvar da sosial mediada paylaşım edərək, hücumun flotiliyanın ikinci böyük gəmisi “Alma”ya limanda həyata keçirildiyini təsdiqləyib.
“Yanıcı maddə səbəbindən gəmiyə alov düşdü. Tunisli qüvvələrin müdaxiləsi ilə yanğın söndürüldü”- deyə o bildirib.
Hadisədən sonra çoxsaylı tunisli fəal Sidi Busaid limanına toplaşaraq flotiliyaya həmrəylik nümayiş etdirib.
Xatırladaq ki, ötən gecə də flotiliyanın ən böyük gəmisinə dron hücumu edilmiş, idarə heyətinin üzvü Nebil Şənufi gəminin yalnız ön hissəsində kiçik zədələrin yarandığını və xəsarət olmadığını bildirmişdi.
Tunis Daxili İşlər Nazirliyi bəzi məlumatları təkzib edərək, gəmilərə PUA düşməsi ilə bağlı yayılan iddiaların həqiqətə uyğun olmadığını açıqlayıb.
Buna baxmayaraq, flotiliyanın 10 sentyabr tarixində Tunisdən yola çıxması planlaşdırılır. Səfərə müxtəlif ölkələrdən onlarla fəal, o cümlədən təxminən 150 tunisli aktivist qatılacaq.