BAKI, AzerVoice, Səməd Əyyubov
Fransanın Marsel şəhərinin mərkəzində baş verən bıçaqlı hücum nəticəsində azı beş nəfər xəsarət alıb.
AzerVoice xəbər verir ki, bu barədə prokuror Nikola Besson jurnalistlərə açıqlama verib.
“Hazırda beş yaralı var, onlardan birinin vəziyyəti kifayət qədər ağırdır. Hücum edən şəxs ölüb. O, əvvəllər polisə və məhkəmə orqanlarına tanış idi” - deyə, prokuror bildirib.
Məlumata görə, hücumçu Tunis vətəndaşı olub və Fransada qanuni əsaslarla yaşayıb. O, kirayə haqqını ödəmədiyi üçün Belzans rayonundakı oteldən çıxarılıb. Lakin az sonra geri qayıdaraq ikinci mərtəbədə yerləşən keçmiş qonşusunu bıçaqlayıb. Daha sonra birinci mərtəbəyə enərək otelin menecerinə bir neçə zərbə vurub, küçədə isə menecerin oğlunu təqib edərək kürəyindən yaralayıb.
Daha sonra yaxınlıqdakı fastfud restoranına girən şəxs müştərilərə hücum etməyə cəhd edib. Lakin işçilər və ziyarətçilər onu qovaraq küçəyə çıxmağa məcbur ediblər. Hücumçu küçədə təsadüfi insanlara da hücum edib, nəticədə azı iki nəfər dəmir çubuqla üz nahiyəsindən xəsarət alıb.
Hadisə yerinə gələn polis əməkdaşları ondan silahı yerə qoymağı tələb etsələr də, hücumçu müqavimət göstərib. Nəticədə hüquq-mühafizə orqanları elektroşok cihazı və odlu silahdan istifadə etmək məcburiyyətində qalıb.
Ümumilikdə insident təxminən yarım saat davam edib. Ən ağır yaralı hücumçunun sabiq otaq qonşusudur. Otel meneceri və onun oğlu orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və həyatları üçün təhlükə yoxdur. Polis hadisəni hazırda terror aktı kimi qiymətləndirmir.
Qeyd edək ki, ölkənin daxili işlər naziri Bryuno Retayo hadisə yerinə bu gün axşam saatlarında gələcək.