BAKI, AzerVoice, Səməd Əyyubov
İsrail ordusu bu gün Yəməndən buraxılan pilotsuz uçuş aparatını (PUA) ölkənin hava məkanına daxil olmadan məhv edib.
AzerVoice xəbər verir ki, bu barədə ordunun bəyanatında məlumat verilib.
“Yəmən ərazisindən buraxılan PUA İsrail sərhədlərinə daxil olmadan zərərsizləşdirilib. Tətbiq edilən siyasətə uyğun olaraq heç bir siqnalizasiya işə salınmayıb” - deyə, bəyanatda qeyd olunub.
Bundan əvvəl İsrailin rəsmi yayım qurumu Yəməndən İsrail istiqamətində buraxılan dronun izlənildiyini və ordunun onu məhv etməyə hazırlaşdığını bildirmişdi.
Hadisə husilərin bir neçə saat öncə Qırmızı dəniz sahillərində yerləşən neft tankerinə ballistik raketlə zərbə endirdiklərini açıqlamasından sonra baş verib.
Qeyd edək ki, bu hücum, ötən həftə İsrailin Səna şəhərinə endirdiyi hava zərbəsi nəticəsində beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan husi hökumətinin rəhbəri və bir neçə nazirin öldürülməsindən günlər sonra gerçəkləşib.
Husi qüvvələri mütəmadi olaraq İsrail ərazilərinə raket və PUA-larla hücumlar həyata keçirir. İsrail isə cavab olaraq Yəməndə husilərə məxsus hərbi hədəfləri bombalayır.