BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
“Avropa üçlüyü” – Almaniya, Böyük Britaniya və Fransa, İranın 2015-ci il nüvə sazişinin şərtlərini pozmaqda ittiham olunması səbəbilə BMT sanksiyalarının bərpası prosedurunu (Snapback Mechanism) işə saldı.
Sanksiyaların bərpa olunacağı təqdirdə, onlar İran iqtisadiyyatının kritik sektorlarına – bank-maliyyə sisteminə, dəniz daşımalarına, həmçinin neft-qaz sektoruna yönələcək. Bundan başqa, ağır sənaye və kənd təsərrüfatı da ciddi zərbə altında qalacaq.
Enerji böhranı artıq bu sahələrə sərmayələrin azalmasına səbəb olub. Yeni məhdudiyyətlər isə investisiya fəaliyyətini daha da zəiflədərək ölkənin ÜDM-nin azalmasına və milli valyutanın dəyərdən düşməsinə gətirib çıxara bilər.
Enerji sektoru
Ekspertlərin proqnozlarına görə, sanksiyaların yenidən tətbiqi nəticəsində İranın ixrac etdiyi neft məhsullarının həcmi gündəlik 1,7 milyon bareldən 500 min bareldən də az səviyyəyə enə bilər. Bu isə dövlət büdcəsinin gəlirlərində təxminən 70 faizlik azalma ilə müşayiət olunacaq.
Tehranın büdcə kəsirini əlavə pul emissiyası ilə kompensasiya etmək cəhdləri inflyasiyanın artmasına, ərzaq qiymətlərində isə 50 faizlik bahalaşmaya gətirib çıxara bilər. Bununla yanaşı, milli valyutanın məzənnəsi də zəifləyəcək.
Sosial nəticələr
ÜDM-də üçdəbir azalma ölkədə işsizliyin və yoxsulluğun artmasına səbəb ola bilər. Tehranın karbohidrogenlərin “qara bazar” üzərindən satışını gücləndirmək cəhdləri isə korrupsiyanın daha da dərinləşməsinə yol açacaq.
Bundan əlavə, sanksiyaların bərpası İranın əsas tərəfdaşları – Moskva və Pekinlə münasibətlərinə də mənfi təsir göstərəcək.