BAKI, AzerVoice, Nailə Babazadə
Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsini yad etmək üçün ölkənin Bakıdakı Səfirliyində Başsağlığı kitabı açılıb.
Səfirlikdən AzerVoice-ə verilən məlumata görə, kitabı imzalamaq və təziyələrini bildirmək üçün cümə axşamı sentyabrın 4-ü saat 10:00-dan etibarən səfirliyə müraciət etmək olar.
Qeyd edək ki, Əfqanıstan Qızıl Aypara Cəmiyyəti zəlzələdə min 124 nəfərin öldüyünü, 3 min 251 nəfərin isə yaralandığını bildirib.
ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Pakistan sərhədi yaxınlığındakı Cəlalabad şəhərinin 27 kilometr şimal-şərqində, yerin 8 kilometr dərinliyində yerləşib və maqnitudası 6 olub.
Yerli hakimiyyət orqanları bu zəlzələni Əfqanıstanı vuran ən dağıdıcı təbii fəlakətlərdən biri kimi qiymətləndirib.
BMT-nin Humanitar Əlaqələndirmə Ofisi (OCHA) ilkin mərhələdə 12 min insanın birbaşa zərər çəkdiyini açıqlayıb.