BAKI, AzerVoice, Fərid Mikayılov
İran, İsrail və ABŞ tərəfindən onun nüvə obyektlərinə qarşı həyata keçirilən hücumların beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirərək, beynəlxalq ictimaiyyəti bu addımları qəti şəkildə qınamağa çağırıb.
AzerVoice xəbər verir ki, BMT-də çıxış edən İranın BMT-dəki Daimi Nümayəndəsi və səfiri Əmir-Səid İravani bildirib ki, hücumlara məruz qalan obyektlər tamamilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında və yalnız sülh məqsədlərinə xidmət edən nüvə müəssisələridir.
İravani vurğulayıb ki, bu hücumlar Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) zərbə vurur.
“Belə addımlar çoxtərəflilik prinsiplərinə açıq hücumdur, silahların azaldılması və yayılmamanı təmin edən beynəlxalq çərçivələrə etimadı sarsıdır və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır”- deyə o bildirib.
İranlı diplomat qeyd edib ki, ABŞ və İsrailin bu hərəkətləri təkcə nüvə obyektlərinə deyil, həm də Qlobal Nüvə Sınaqlarının Qadağan Olunması Müqaviləsi (CTBT) çərçivəsində yerləşən beynəlxalq monitorinq stansiyalarına qarşı yönəlib. Bu isə həm texniki heyətin təhlükəsizliyini, həm də qlobal yoxlama infrastrukturunu hədəf alır.
“Əgər nüvə obyektləri artıq təhdiddən və gücdən istifadədən qorunmayacaqsa, NPT-nin verdiyi zəmanətlərin nə mənası qalacaq?” — deyə İravani vurğulayıb.
İravani beynəlxalq ictimaiyyəti bu qanunsuz hücumları qınamağa, məsuliyyət tələb etməyə və nüvə obyektlərinin toxunulmazlığını təmin edən hüquqi mexanizmləri gücləndirməyə çağırıb.