BAKI, AzerVoice
Türkiyənin Çanaqqala şəhərində aparılan arxeoloji qazıntılar zamanı eramızın III əsrinə aid olduğu güman edilən Roma dövrünə məxsus hamam gün üzünə çıxarılıb.
AzerVoice xəbər verir ki, 1980-ci ildən bəri davam edən qazıntı və bərpa işləri hazırda Prof. Dr. Davut Kaplanın rəhbərliyi altında, Samsun Ondokuz Mayıs Universitetinin Arxeologiya fakültəsinin təxminən 20 nəfərlik akademik heyət, 15 tələbə və 6 işçidən ibarət komanda ilə həyata keçirilir.
Qazıntılar 2025-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və “Geleceğe Miras Projesi” çərçivəsində, İÇDAŞ və HYDRO-WORKS AŞ. şirkətlərinin dəstəyi ilə icra olunur.
Qazıntıların hazırda “Batı Hamamı” adlandırılan bölgədə aparıldığını bildirən layihə rəhbəri Prof. Dr. Kaplan “Hazırda əsasən çalı və daşların təmizlənməsi mərhələsindəyik. Eyni zamanda aparılan sondajlarla hamamın planını çıxarmağa çalışırıq. Qarşıdakı həftələrdə daha mühüm tapıntılar gözlənilir.”- deyə qeyd edib.
Qazıntılar nəticəsində əldə edilən ilkin məlumatlara əsasən, obyektin Roma İmperiyası dövrünə – təxminən eramızın III əsrinə – aid olduğu düşünülür. Kaplan bildirib ki, hamam strukturu daha sonra Bizans dövründə dəyişdirilərək yaşayış sahəsi kimi istifadə edilib.
“Bura Roma dövründə tikilmiş olsa da, sonradan Hristian Bizanslılar tərəfindən dəyişdirilib və evlərə çevrilib. Hal-hazırda həmin Bizans dövrü qalıqlarını sənədləşdiririk. Onların üst təbəqəsinin altında yerləşən hamamın əsas strukturu qazıntılardan sonra tam üzə çıxarılacaq.”- deyə o bildirib.
Qeyd edək ki, arxeoloqlar həm hamamın istifadəsi, həm də su sisteminin işləmə prinsipləri ilə bağlı iki fərqli araşdırma xətti üzrə çalışırlar. Qazıntıların davam edən mərhələsində daha əhəmiyyətli tarixi məlumatların üzə çıxacağı gözlənilir.