BAKI,
AzerVoice
İqlim dəyişikliyi Avropadakı isti dalğasında ölüm hallarını üçqat
artırıb.
AzerVoice xəbər verir ki, qalıq
yanacaq istifadəsi nəticəsində sürətlənən iqlim dəyişikliyi
Avropada baş verən son isti dalğasında ölüm hallarının üç dəfə
artmasına səbəb olub.
London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb
Məktəbinin rəhbərliyi ilə aparılan təhlildə bu nəticəyə
gəlinib.
İyunun 23-dən iyulun 2-dək Avropanın 12 böyük şəhərində — Milan, Barselona, Paris, London, Roma, Madrid, Afina, Budapeşt, Zaqreb, Frankfurt, Lissabon və Sassari şəhərlərində temperatur mövsümi ortalamadan 1-4 dərəcə yüksək olub. Bu 10 günlük isti dalğası nəticəsində 2300-dən çox insan həyatını itirib, onlardan 1500-nün ölümü isə iqlim dəyişikliyi ilə əlaqələndirilib.
Təhlilə əsasən, isti hava şəraitindən ölüm hallarının 88 faizi 65 yaşdan yuxarı insanlarda qeydə alınıb. Eyni dövrdə 20-64 yaş qrupunda da azı 183 nəfər həyatını itirib. Ən çox ölüm isə Milan, Barselona, Paris və Londonda baş verib.
Elm adamları xəbərdarlıq edir
London İmperial Kollecinin Ətraf Mühit Siyasəti Mərkəzinin
tədqiqatçısı Ben Klark bildirib:
“Temperaturda cəmi 2-3 dərəcə Selsi fərqi minlərlə insan üçün həyat
və ölüm fərqi deməkdir. Hətta bu gün qlobal temperatur sənaye
öncəsi dövrlə müqayisədə 1,3 dərəcə artıb. Əgər tədbir görülməzsə,
bu göstərici əsrin sonunda 3 dərəcəyə çata bilər”.
İqlim Elmləri üzrə baş müəllim Friederike Otto isə əlavə
edib:
“Avropada ölümcül isti dalğalarının qarşısını almağın yeganə yolu
qalıq yanacaqdan imtina etməkdir. Bərpa olunan enerji keçidi və
istilərə dayanıqlı şəhərlərin salınması minlərlə insanın həyatını
xilas edə bilər.”
Qeyd edək ki, bu araşdırma iqlim dəyişikliyinin artıq Avropa ölkələrində birbaşa insan həyatı üçün təhdid olduğunu və qlobal istiləşmənin təkcə təbii fəlakətlərə deyil, həm də “səssiz ölümlərə” səbəb olduğunu ortaya qoyur.