BAKI, AzerVoice
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə başlayır.
AzerVoice xəbər verir ki, Avropa
İttifaqı Rusiyaya qarşı yeni, 18-ci sanksiyalar paketi üzərində işə
başlayıb.
Yeni paket xam neftin qiymətinin endirilməsini və enerji
gəlirlərinin hədəfə alınmasını nəzərdə tutur.
Aİ Komissiyasının sədri Ursula fon der Leyen Berlində ABŞ
senatoru Lindsey Graham ilə görüşündən sonra yayımladığı
açıqlamada,
“Avropa İttifaqı xam neftin qiymətinin aşağı salınması da daxil
olmaqla yeni sərt sanksiyalar paketi hazırlayır. Bu addımlar ABŞ-ın
tədbirləri ilə birlikdə ortaq təsirimizi əhəmiyyətli dərəcədə
artıracaq” - deyə bildirib.
Aİ Komissiyasının bəyanatında qeyd olunub ki, yeni paket Rusiya neftinin qiymətinə əlavə məhdudiyyətlər gətirməklə yanaşı, kölgə donanması vasitəsilə həyata keçirilən neft daşımalarını da hədəf alacaq. Məqsəd – Kremlin maliyyə mənbələrini daha da məhdudlaşdırmaqdır.
Xatırladaq ki, indiyədək Aİ Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq edib. Bu paketlər çərçivəsində ticarət, maliyyə, enerji, sənaye, nəqliyyat, texnologiya və digər sahələrə əhatəli məhdudiyyətlər qoyulub. Xüsusilə Rusiya neftinin və bəzi məhsulların dəniz yolu ilə Aİ-yə ixracı qadağan olunub, bəzi Rusiya bankları SWIFT sistemindən çıxarılıb və 2000-dən çox şəxs və qurum sanksiya siyahısına daxil edilib.
Qeyd edək ki, Aİ və G7-nin birgə qərarına əsasən, Rusiya nefti yalnız 60 dollar/barel qiymət həddindən aşağı satıldığı halda Qərb şirkətləri onun daşınması, sığortalanması və brokerliyi xidmətlərini göstərə bilər. Yeni təklif edilən sanksiyalar bu qiymət həddinin daha da aşağı salınmasını nəzərdə tutur.