Əsas səhifə » Şərqi Qüdsdə gərginlik - Əl-Əqsa məscidinə növbəti basqın

Şərqi Qüdsdə gərginlik - Əl-Əqsa məscidinə növbəti basqın

BAKI, AzerVoice

İşğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə fanatik yəhudi qruplarının basqınları yenidən artıb.

AzerVoice xəbər verir ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatların 20-ci ayına təsadüf edən günlərdə, 830 nəfər ifrat sağçı yəhudi İsrail polisinin müşayiəti ilə Əl-Əqsa məscidinə daxil olub. Basqın Qüds İslam Vəqfləri İdarəsinin məlumatı ilə təsdiqlənib.

Şahidlərin sözlərinə görə, fanatik yəhudilər Məğarib qapısından içəri daxil olaraq dini ayinlər icra ediblər. Hadisə İsrail polisi tərəfindən qorunan qrupların iştirakı ilə baş verib.

İsrail hökumətində təmsil olunan bəzi ifrat sağçı siyasətçilər bu addımları açıq şəkildə dəstəkləyir. Maliyyə naziri Bezalel Smotriç “Əl-Əqsa məscidinin yerində yəhudi məbədi tikmək istədiyini və bunun üçün büdcə ayırmağa hazır olduğunu” bildirib. Yəhudi Gücü partiyasının deputatı Zvi Sukkot isə məscid ətrafında İsrail bayrağı ilə gəzdiyi görüntüləri paylaşaraq, “Məscidül-Əqsa bizim əlimizdədir” ifadəsini işlədib.

Xatırladq ki, İsrail və İordaniya arasında 1994-cü ildə imzalanmış sülh müqaviləsinə əsasən, Əl-Əqsa məscidi İordaniya Vəqflər Nazirliyinin tabeliyində olan Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir. Lakin 2003-cü ildən İsrail birtərəfli qərarla yəhudilərin polis müşayiəti ilə kompleksə girişinə şərait yaradır. Bu girişlər İslam Vəqfləri tərəfindən "basqın" kimi qiymətləndirilir və status-kvoya zidd sayılır.

Məscid kompleksinin ərazisində aparılan qazıntılar və qeyri-müsəlmanların dini ayinlər icra etməsi bölgədəki gərginliyi daha da artırır. İsrail rəsmiləri mövcud status-kvonu qoruduqlarını bildirsələr də, son hadisələr bu mövqeyin şübhə altına alındığını göstərir.

Qeyd edək ki, bir çox ultra-pravoslav yəhudi din xadimləri Məscidül-Əqsaya yəhudilərin dini baxımdan daxil olmasının yolverilməz olduğunu bildirirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice