BAKI,AzerVoice
İngiltərədə ilk dəfə olaraq ağcaqanadlarda Qərbi Nil virusuna rast gəlinib.
AzerVoice xəbər verir ki, İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) hadisənin iqlim dəyişikliklərinin təsiri ilə əlaqəli ola biləcəyini açıqlayıb.
Hazırda heç bir insanda yoluxma qeydə alınmayıb və əhali üçün risk səviyyəsi “çox aşağı” kimi qiymətləndirilir.
Agentliyin məlumatına görə, 2023-cü ilin iyul ayında Nottingemşir bölgəsindəki bataqlıq ərazilərdə toplanan ağcaqanad nümunələrinin iki qrupunda Qərbi Nil virusunun izləri aşkar edilib. Eyni ərazidən toplanmış 198 nümunədə isə virus tapılmayıb.
UKHSA ehtiyat tədbiri olaraq həkimlərə müraciət edərək, səbəbi aydın olmayan beyin iltihabı (ensefalit) və digər nevroloji əlamətlər müşahidə edilən pasiyentlərə Qərbi Nil virusuna dair əlavə laborator müayinələr aparmağı tövsiyə edib.
Qeyd edək ki, Qərbi Nil virusu ilk dəfə 1937-ci ildə Uqandada aşkarlanıb və daha çox Afrika, Orta Şərq, Şimali Amerika və Qərbi Asiyada yayılıb. Virus əsasən quşlar arasında olur və ağcaqanadların vasitəsilə insanlara keçir. İnsanların təxminən 80 faizində heç bir əlamət müşahidə olunmur. Lakin bəzi hallarda bu virus beyin iltihabı kimi ağır fəsadlara səbəb ola bilər.