BAKI, AzerVoice
Almaniyanın Borussiya Dortmund klubu İngiltərənin Mançester Yunayted komandasında gələcəyi sual altında olan Ceydon Sançonu yenidən heyətinə qatmaq üçün danışıqlara başlayıb.
AzerVoice xəbər verir ki, Dortmund rəhbərliyi 25 yaşlı futbolçunun transferi ilə bağlı “daxili müzakirələr” aparır və məsələ hələ yekun qərara bağlanmayıb.
İddiaya görə, Mançester Yunayted Sançonun transferi üçün 18-20 milyon avro (təxminən 21-23 milyon ABŞ dolları) məbləğində təzminat tələb edir. İngilis futbolçu, 2023-cü ilin yayında baş məşqçi Erik ten Haqla yaşadığı açıq qarşıdurmadan sonra əsas heyətdən uzaqlaşdırılıb və həmin mövsümün ikinci yarısını Dortmundda icarədə keçirib.
2024-cü ildə qısa müddətli reinteqrasiya cəhdi baş tutmadığından, futbolçu yenidən Çelsiyə icarəyə verilmişdi. Lakin London klubu şəxsi şərtlərdə razılıq əldə edə bilmədiyindən, transfer baş tutmamışdı.
Sanço hazırda Mançester Yunaytedin məşqlərində iştirak etmir və klubun transferə çıxardığı futbolçular siyahısındadır. Onun illik maaşının bir hissəsini Mançester Yunaytedin ödəməsi səbəbilə, Dortmundda oynadığı müddətdə maliyyə yükü nisbətən azalmışdı. Yeni transferin reallaşması üçün oyunçunun əməkhaqqısında ciddi endirimi qəbul etməsi vacib amil kimi göstərilir.
Sanço daha öncə 2017–2021-ci illər ərzində Dortmundun formasını geyinib və 125 oyunda 109 qol+assist statistikası ilə yadda qalıb. 2024-cü ilin icarə dövründə isə komandanın UEFA Çempionlar Liqasının finalına yüksəlməsində mühüm rol oynayıb.
Digər tərəfdən, Borussiya Dortmund yay transfer dönəmində oyunçu satışlarından 70 milyon avroya yaxın gəlir əldə edib və yalnız 27 milyon avro xərcləyib. Klubun Çempionlar Liqasına vəsiqə qazanması da büdcəni genişləndirib. Bu baxımdan, Dortmundun Sanço üçün tələb olunan məbləği ödəməsi mümkündür.
Klubun qərar verməsi üçün yay transfer pəncərəsinin bağlanmasına təxminən dörd həftə qalır.