BAKI, AzerVoice
Portuqaliya və İspaniya yüksək temperatur və güclü küləklərin təsiri ilə baş verən meşə yanğınlarına qarşı mübarizəni davam etdirir. Hər iki ölkədə yüzlərlə yanğınsöndürən və hava qüvvələri yanğınların qarşısını almaq üçün səfərbər edilib.
AzerVoice xəbər verir ki, Avropanın cənub-qərbində havaların kəskin isti keçməsi və güclü küləklər səbəbilə meşə yanğınları geniş yayılıb.
Portuqaliya və İspaniyanın müxtəlif bölgələrində alovların yayılması nəticəsində bir sıra kəndlər təxliyə olunub, yanğınsöndürmə işlərinə minlərlə personal və onlarca hava vasitəsi cəlb edilib.
Hazırda 2700-ə yaxın yanğınsöndürən, 29 hava vasitəsinin dəstəyi ilə Arouca, Penafiel, Ponte de Lima, Penamacor və Ponte da Barca kimi bölgələrdə alovların qarşısını almağa çalışır.
Səlahiyyətlilər bildiriblər ki, əvvəllər nəzarət altına alınan bəzi yanğınlar hava şəraitinin təsirilə yenidən alovlanıb. Portuqaliya Dəniz və Atmosfer İnstitutu (IPMA) yanğın riskinin bir çox bölgədə “ən yüksək” və “çox yüksək” səviyyədə olduğunu bildirib.
Portuqaliya Meşəçilik İnstitutunun məlumatına əsasən, bu ilin əvvəlindən bu yana ölkədə 22 min hektardan çox meşə sahəsi yanıb.
İspaniyanın bəzi bölgələrində temperaturun 40°C-yə çatacağı proqnozlaşdırılıb. Castilla y Leon hökuməti bölgədə yanğınların nəzarət altına alınmasının külək səbəbindən çətinləşdiyini bildirib.
Caceres bölgəsindəki yanğında 200 nəfərdən çox insan təxliyə olunub, 180 nəfərlik heyət alovların qarşısını almaq üçün çalışır. Eyni zamanda, 161 əsgər və 59 texnika ilə dəstək verilir.
Lleyda əyalətinin Fulleda kəndindəki meşə yanğını isə 13,5 hektar ərazini yandırdıqdan sonra nəzarət altına alınıb.