BAKI,AzerVoice
İngiltərə Premyer Liqasının nəhənglərindən olan Arsenal klubu yay transfer pəncərəsində ilk ciddi addımını atıb.
AzerVoice xəbər verir ki, klub, Portuqaliyanın Sportinq komandasında çıxış edən isveçli hücumçu Viktor Gyökeresi 64 milyon funt sterlinq qarşılığında transfer edib.
27 yaşlı futbolçu Arsenalın uzun müddətdir axtardığı məhsuldar mərkəz hücumçusu problemini həll etməyə namizəd göstərilir. Klub rəhbərliyi Gyökeresin komandaya yeni mövsümdə daha çox qol imkanı yaratmaq və rəqabətdə üstünlük qazandırmaq potensialına malik olduğunu hesab edir.
Gyökeres 2023-cü ildə İngiltərənin Koventri Siti klubundan Sportinqə 20 milyon avroya transfer olub. Portuqaliya klubundakı cəmi iki il ərzində o, 68 qol vuraraq iki çempionluq qazandırmış və Avropa futbolunda adından söz etdirmişdi. İndi isə onun transferi Sportinqə üç dəfədən artıq gəlir təmin edib.
Arsenalın hücum xəttində məhsuldarlıq problemi son illərdə əsas tənqid mövzusuna çevrilib. Viktor Gyökeresin transferi ilə bu boşluğun aradan qaldırılması planlaşdırılır. İsveçli futbolçunun ötən mövsüm nümayiş etdirdiyi 26.9 faiz zərbə dəqiqliyi onun Avropanın ən dəqiq hücumçularından biri olduğunu göstərir. Bu göstərici, hətta Harri Keyn və Kilian Mbappe kimi adlardan daha yüksəkdir.
Ekspertlər qeyd edirlər ki, Gyökeresin daha aşağı səviyyəli Portuqaliya liqasında çıxış etməsi bir tərəfdən üstünlük, digər tərəfdən isə Premyer Liqadakı performansına dair suallar yaradır. Lakin onun UEFA Çempionlar Liqasında Mançester Sitiyə qarşı vurduğu het-trik bu suallara ilkin cavab sayıla bilər.