BAKI, AzerVoice, Orxan Qədirzadə
İran və ABŞ arasında Omanda keçirilən dolayı danışıqlardan sonra tərəflər dialoqun davam etdirilməsi barədə ilkin razılığa gəlib.
AzerVoice xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Vaşinqtonla növbəti danışıqlar raundunun “tezliklə” keçirilməsi razılaşdırılıb, lakin İranın uranın zənginləşdirilməsi hüququ müzakirə mövzusu deyil.
Araqçi “Al Jazeera” telekanalına müsahibəsində vurğulayıb ki, Omanda baş tutan ilk raund “yaxşı başlanğıc” sayılsa da, tərəflər arasında etimadın formalaşması üçün uzun yol var. Onun sözlərinə görə, nüvə zənginləşdirilməsi İran üçün ayrılmaz hüquqdur və bu proses heç bir halda dayandırılmayacaq.
Nazir qeyd edib ki, hətta hərbi zərbələr belə İranın nüvə imkanlarını məhv edə bilməyib. Araqçi bildirib ki, Tehran zənginləşdirmə ilə bağlı beynəlxalq ictimaiyyəti arxayın sala biləcək razılaşmaya hazırdır, lakin bu yalnız danışıqlar yolu ilə mümkündür. O vurğulayıb ki, İranın nüvə məsələsinin hərbi üsullarla deyil, yalnız diplomatik müzakirələrlə həll olunması mümkündür.
Araqçinin açıqlamaları ABŞ-la Muskatda keçirilən dolayı danışıqlardan bir gün sonra səsləndirilib. Qeyd olunur ki, bu danışıqlar ötən il İsrailin İrana qarşı misli görünməmiş hava zərbələri fonunda nüvə dialoqunun iflasından sonra ilk təmas olub. Həmin hücumlar 12 gün davam edən müharibəyə gətirib çıxarmış, bu müddətdə ABŞ hərbi təyyarələri də İranın nüvə obyektlərini bombalamışdı.
Xarici işlər naziri xəbərdarlıq edib ki, əgər ABŞ İran ərazisini hədəf alarsa, Tehran regiondakı Amerika hərbi bazalarına zərbələr endirəcək. O, Omandakı müzakirələrin vasitəçilər üzərindən aparıldığını, lakin gələcəkdə birbaşa təmas üçün də imkanın yarana biləcəyini bildirib.
Araqçi həmçinin qeyd edib ki, İranın raket proqramı qətiyyən danışıqlar mövzusu deyil və bu məsələ milli müdafiə ilə bağlıdır. Onun sözlərinə görə, Vaşinqtonun və xüsusilə İsrailin danışıqların gündəliyini nüvə mövzusundan kənara çıxarmaq cəhdləri Tehran tərəfindən dəfələrlə rədd edilib.
Nazir İsrailin regional siyasətini də sərt tənqid edərək bildirib ki, bu yanaşma “üstünlük və hökmranlıq doktrinası”na əsaslanır. Araqçi vurğulayıb ki, İsrail hərbi arsenalını məhdudiyyətsiz şəkildə genişləndirir, eyni zamanda region ölkələrinin hərbi, texnoloji və elmi potensialını zəiflətməyə çalışır. Onun fikrincə, bu siyasət regionda davamlı gərginliyin əsas səbəblərindən biridir.