BAKI, AzerVoice, Orxan Qədirzadə
Türkiyədə Milli texnoloji müstəqillik ideyasının formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərdən biri olan Özdemir Bayraktarın həyat və mübarizə yolu ilk dəfə genişmiqyaslı sənədli film formatında ictimaiyyətə təqdim olunub.
AzerVoice xəbər verir ki, Baykar şirkətinin təsisçisi, mərhum Özdemir Bayraktarın həyat hekayəsindən bəhs edən “Özdemir Bayraktar, Bu Dünyadan Bir Akıncı Keçdi” adlı sənədli film yayımlanıb.
Baykar tərəfindən Özdemir Bayraktarın xatirəsinə həsr olunan sənədli film onun tam müstəqil Türkiyə idealına bağlı ömür yolunu, prinsipial mövqeyini və pilotsuz uçuş aparatlarının yaradılması prosesində üzləşdiyi ciddi bürokratik və hərbi maneələri ətraflı şəkildə əks etdirir. Ekran işində Bayraktarın mübariz xarakteri və ölkənin müdafiə sənayesində dönüş nöqtəsi sayılan texnoloji təşəbbüslər geniş faktoloji materiallarla təqdim olunur.
Sənədli film üç il davam edən araşdırma və çəkiliş prosesindən sonra tamamlanıb. İstanbul, Ankara, İzmir və Antalya şəhərlərində aparılan çəkilişlər çərçivəsində geniş arxiv araşdırması aparılıb və Özdemir Bayraktara aid indiyədək yayımlanmamış görüntülər ilk dəfə tamaşaçılara təqdim edilib. Filmdə Bayraktar ailəsinin Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində yerləşən hərbi bazalarda hərbçilərlə birgə apardığı pilotsuz uçuş aparatları üzrə texniki işlər də ətraflı şəkildə işıqlandırılır.
Sənədli filmdə Türkiyənin müxtəlif bölgələrində keçirilən çəkilişlər zamanı 47 tanınmış şəxsin müsahibəsinə yer verilib. Dövrün yüksək rütbəli hərbçiləri, dövlət məmurları, siyasətçilər, yaxın dostları və ailə üzvləri Özdemir Bayraktarın müdafiə sənayesində texnoloji irəliləyişlər naminə apardığı mübarizəyə dair şəxsi xatirələrini bölüşüblər. Film xüsusilə gənc sahibkarlar üçün əzmkarlıq və ardıcıl mübarizənin real nümunəsi kimi təqdim olunur.
Sənədli filmlə eyni adı daşıyan “Özdemir Bayraktar, Bu Dünyadan Bir Akıncı Keçdi” adlı kitab da paralel olaraq oxuculara təqdim edilib. Kitab Milli Texnologiya Hərəkatının tarixi inkişaf mərhələlərini əks etdirən əhatəli tədqiqat xarakteri daşıyır. Nəşrdə arxiv materialları, nadir fotolar və ilk dəfə ictimaiyyətə açıqlanan sənədlər yer alıb.
Sənədli filmin premyerası Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində keçirilən xüsusi nümayiş zamanı baş tutub. Film Baykarın rəsmi YouTube kanalında, həmçinin bir sıra rəqəmsal platformalarda yayımlanır. Beynəlxalq auditoriya üçün ingilis, ərəb, rus və ukrayna dillərində altyazı imkanları yaradılıb. Sənədli filmin yaxın dövrdə televiziya kanallarında və digər rəqəmsal yayım platformalarında da nümayişi nəzərdə tutulur.