BAKI,AzerVoice, Orxan Qədirzadə
İran və ABŞ arasında nüvə proqramı üzrə dolayı danışıqların növbəti raundu Omanın paytaxtı Maskatda başa çatıb və tərəflər prosesin davam etdirilməsi imkanlarını müzakirə edir.
AzerVoice xəbər verir ki, Maskatda keçirilən dolayı təmaslardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi görüşləri “yaxşı başlanğıc” kimi qiymətləndirib. Nazir bildirib ki, tərəflər əsas mövzulara daxil olmadan mövqelərini və tələblərini təqdim ediblər, məsləhətləşmələrdən sonra danışıqların davam formatı barədə qərar veriləcək. Onun sözlərinə görə, görüşlər bu xətt üzrə davam edərsə, razılaşdırılmış çərçivəyə nail olmaq mümkündür.
Danışıqlar Omanın vasitəçiliyi ilə keçirilib. Təmaslara Oman xarici işlər naziri Bedr bin Hamed əl-Busaidi ev sahibliyi edib. İran nümayəndə heyətinə Əraqçi, ABŞ tərəfinə isə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib. Məlumata görə, Oman tərəfi indiyədək iki tur mesaj mübadiləsinə vasitəçilik edib.
İran dövlət televiziyasının məlumatına əsasən, görüşlər yerli vaxtla səhər saatlarında başlayıb və günün ikinci yarısında başa çatıb, İran heyəti danışıqlardan sonra iqamətgahına qayıdıb. Rəsmi açıqlamada bildirilib ki, diplomatik proses 2025-ci ilin iyununda İsrail və ABŞ-nin İrana qarşı hücumlarından sonra dayandırılmışdı; regional ölkələrin, o cümlədən Türkiyənin səyləri nəticəsində dialoqun bərpası mümkün olub.
Eyni vaxtda Vaşinqtondan sanksiya qərarı açıqlanıb. ABŞ Maliyyə Nazirliyi İranın neft ticarətinə yönəlmiş yeni məhdudiyyətləri elan edərək 14 quruma və “gizli donanma” kimi xarakterizə olunan 14 gəmi vahidinə sanksiya tətbiq olunduğunu bildirib. Qərar Maskat danışıqlarının başa çatmasından dərhal sonra açıqlanıb.
Tərəflər arasında əsas fikir ayrılıqları uranın zənginləşdirilməsi və yüksək zənginləşdirilmiş uran ehtiyatlarının İrandan çıxarılması məsələləri ətrafında qalır. Tehran sanksiyaların ləğvi qarşılığında nüvə proqramını atom silahının yaradılmasını istisna edən məhdudiyyətlər çərçivəsində saxlamağa hazır olduğunu bildirir. Vaşinqton isə zənginləşdirmənin tam dayandırılmasını və ehtiyatların ölkədən çıxarılmasını tələb edir, həmçinin gündəliyə raket proqramı və regiondakı silahlı qruplara dəstək mövzularını daxil etmək niyyətini gizlətmir. İran tərəfi isə nüvə proqramından kənar mövzuların müzakirəsini qəbul etmədiyini bəyan edir.