BAKI,AzerVoice, Orxan Qədirzadə
Omanın paytaxtı Maskatda İran və ABŞ nümayəndələri arasında keçirilən nüvə danışıqları Tehran tərəfindən “yaxşı başlanğıc” kimi qiymətləndirilib.
AzerVoice xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, tərəflər görüş zamanı fikir mübadiləsi aparıb, İran xalqının maraqları, narahatlıqları və hüquqları diqqətə alınıb.
Nazirin sözlərinə görə, görüş müsbət atmosferdə keçib və qarşı tərəfin mövqeləri dinlənilib. O qeyd edib ki, danışıqların yekununda tərəflər nüvə proqramı üzrə təmasların davam etdirilməsi barədə razılığa gəliblər və Tehranla Vaşinqton arasında dialoqun qorunması xüsusi əhəmiyyət daşıyır.
Əraqçi xatırladıb ki, 2025-ci ilin iyununda əvvəlki danışıqlar dövründə İran İsrail, daha sonra isə ABŞ tərəfindən hücumlara məruz qalıb. Onun sözlərinə görə, mövcud mərhələdə əsas vəzifə qarşılıqlı etimadsızlığın aradan qaldırılması və danışıqlar üçün aydın çərçivənin müəyyən edilməsidir.
Məlumata əsasən, iki ölkə arasında diplomatik proses 2025-ci ilin iyununda İsrail və ABŞ-nin İrana qarşı hücumlarından sonra dayandırılmışdı. Danışıqların yenidən başlanması region ölkələrinin, xüsusilə Türkiyənin fəal vasitəçilik səyləri nəticəsində mümkün olub.
Yenilənmiş dialoq çərçivəsində əsas fikir ayrılıqları uranın zənginləşdirilməsi və yüksək zənginləşdirilmiş uranın İrandan çıxarılması məsələləri ətrafında qalır. Tehran sanksiyaların ləğvi qarşılığında nüvə proqramını atom silahının yaradılmasını istisna edən məhdudiyyətlər daxilində saxlamağa hazır olduğunu bildirir.
Bununla yanaşı, Vaşinqton İranda uranın zənginləşdirilməsinin tam dayandırılmasını və mövcud ehtiyatların ölkədən çıxarılmasını tələb edir. ABŞ administrasiyası danışıqlar gündəliyinə İranın raket proqramı və regionda silahlı qruplara dəstək məsələlərinin də daxil edilməsinə çalışır. İran isə nüvə proqramından kənar mövzuların müzakirə edilməyəcəyini bəyan edir.