BAKI, AzerVoice, Nailə Babazadə
Çin hakimiyyəti Şərqi Türküstanda uyğur yeniyetmələrin ailələrindən zorla ayrılması və onların internat tipli məktəblərə, uşaq düşərgələrinə yerləşdirilməsi kampaniyasını daha da genişləndirib. Hüquq müdafiəçiləri bu prosesin məqsədinin milli kimliyi və mədəni müxtəlifliyi sıradan çıxarmaq olduğunu bildirirlər.
AzerVoice xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə uyğur məktəblilərinin internat şəraitində saxlanıldığı, valideynlərin isə məktəb ərazilərinə buraxılmadığı açıq şəkildə əks olunur. Kadrlarda uşaqların ağladığı, valideynlərin isə dəmir barmaqlıqlar arxasından övladlarına qida və su ötürməyə çalışdığı müşahidə edilir. Bu görüntülər cəmiyyətin geniş təbəqələri arasında narahatlıq yaradıb.
Məlumata görə, bu addımlar Çinin uyğurlar və digər türk mənşəli xalqlara qarşı apardığı genişmiqyaslı assimilyasiya siyasətinin bir hissəsidir. Hüquq müdafiəçiləri bildirirlər ki, bu siyasət əsas məqsədlərə xidmət edir: uyğur dilinin və yazısının məhdudlaşdırılması, Çin mədəniyyətinin zorla qəbul etdirilməsi və yeniyetmələrin ailə mühitindən təcrid olunaraq milli kimliklərindən uzaqlaşdırılması.
Yayılan sənədlərə əsasən, artıq yüz minlərlə uyğur və digər türk xalqlarına mənsub yeniyetmə müxtəlif uşaq düşərgələrinə yerləşdirilib. Bu cür praktikanın yalnız Şərqi Türküstanla məhdudlaşmadığı, oxşar tədbirlərin Tibetdə də tətbiq edildiyi qeyd olunur.
Beynəlxalq ictimaiyyətin artan tənqidlərinə baxmayaraq, Çin hökuməti bu siyasətin daxili təhlükəsizlik və sabitlik naminə həyata keçirildiyini iddia edir. Lakin hüquq müdafiəçiləri və insan haqları təşkilatları bu tədbirləri “mədəni soyqırımı” kimi qiymətləndirir və beynəlxalq reaksiyanın zəruri olduğunu vurğulayırlar.