BAKI,AzerVoice, Fərid Mikayılov
Rusiya enerji nəhəngi Qazprom Çinlə qaz tədarükünün genişləndirilməsi barədə yeni saziş imzalayıb.
AzerVoice xəbər verir ki, şirkətin rəhbəri Aleksey Millerin sözlərinə görə, Çin Milli Neft-Qaz Korporasiyası (CNPC) ilə əldə edilən razılaşmaya əsasən, “Uzaq Şərq marşrutu” üzrə illik tədarük həcmi 10 milyard kubmetrdən 12 milyard kubmetrə çatdırılacaq.
Sənədin 2 sentyabrda Rusiya prezidenti Vladimir Putinin Pekinə səfəri çərçivəsində keçirilən danışıqlarda rəsmiləşdirildiyi bildirilir. Daha əvvəl dövlət başçısının köməkçisi Yuri Uşakov Qazprom və CNPC arasında sənədlərin məhz bu görüşdə imzalanacağını açıqlamışdı.
Uşakov həmçinin xatırladıb ki, “Uzaq Şərq marşrutu”nun 2027-ci ildə işə salınması planlaşdırılır. Bu layihənin istifadəyə verilməsi Rusiya qazının Çin bazarına əlavə həcmdə çatdırılmasına imkan yaradacaq.
Razılaşmalar təkcə “Uzaq Şərq marşrutu” ilə məhdudlaşmayıb. Tərəflər “Sibir Gücü” qaz kəməri ilə tədarükün illik 38 milyard kubmetrdən 44 milyard kubmetrə yüksəldilməsi barədə də razılığa gəliblər. Bundan əlavə, Qazprom və CNPC “Sibir Gücü-2” qaz kəmərinin tikintisinə dair memorandum imzalayıb.
Bu addımlar Rusiya ilə Çin arasında enerji əməkdaşlığının dərinləşdiyini və Moskvanın Asiya istiqamətində qaz ixracını artırmaq niyyətini bir daha təsdiqləyir.