BAKI, AzerVoice, Səməd Əyyubov
ABŞ İranla bağlı sanksiya siyahısını genişləndirərək ora 1 fiziki şəxs, 13 şirkət və 8 neft tankerini daxil edib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sanksiyalar Yunanıstan vətəndaşı Antonios Marqaritisa da şamil olunub. Onun uzun illər ərzində İran nefti və neft məhsullarının tədarükünə yardım etdiyi iddia olunur. Siyahıya həmçinin Çində, Birləşmiş Ərəb Əmirliklərində və Marşall adalarında fəaliyyət göstərən şirkətlər, eləcə də Panama, Kuk adaları, Honkonq, Qambiya, San-Tome və Prinsipi, Antiqua və Barbuda bayrağı altında üzən tanker gəmiləri daxil edilib.
ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, İranın enerji daşıyıcılarının tədarükündə göstərilən bu yardım Tehrana “ən müasir silahların hazırlanması üçün” əlavə maliyyə vəsaiti qazandırır. Dövlət Departamentinin açıqlamasında isə vurğulanıb ki, sanksiya siyahısına Çindəki iki terminal və neft anbarı operatoru da salınıb. Onların milyonlarla barrel İran neftinin qanunsuz ixracına dəstək verdiyi iddia olunur.
Qeyd edək ki, sanksiya siyahısına düşmək ABŞ-da aktivlərin dondurulması və ABŞ vətəndaşları ilə şirkətlərinin həmin fiziki və hüquqi şəxslərlə hər hansı biznes əlaqəsi qurmasının qadağan olunması deməkdir.