BAKI, AzerVoice, Səməd Əyyubov
Böyük Britaniya İsrailin işğal altındakı Fələstin torpaqlarında həyata keçirməyi nəzərdə tutduğu “E1 Layihəsi”nə verdiyi yekun təsdiqi pisləyib.
AzerVoice xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi açıqlama verib.
Lemmi bildirib ki, layihə həyata keçiriləcəyi halda, Fələstin dövləti iki yerə bölünəcək və iki dövlətli həll perspektivinə ciddi zərbə vurulacaq. Nazir həmçinin İsrail Müdafiə Nazirliyinə bağlı Mülki İdarəetmə Bölməsinin Ali Planlaşdırma Şurasının qəbul etdiyi qərarı da qınadıqlarını vurğulayıb.
“Əgər bu plan icra olunarsa, Fələstin dövlətini faktiki olaraq parçalayacaq, beynəlxalq hüququ açıq şəkildə pozacaq və iki dövlətli həll yolunu sarsıdacaq”, – deyə Lemmi bəyan edib. O, İsrail hökumətini bu qərardan geri çəkilməyə çağırıb.
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik də gündəlik mətbuat konfransında məsələ ilə bağlı mövqeyini açıqlayaraq İsrailin işğal altındakı Şərqi Qüdsdə fələstinlilərdən alınmış torpaqlarda məskunlaşmanı genişləndirməklə və İordan çayının qərb sahilini şimal və cənubdan ayırmaq planına münasibət bildirib.
“Bu qərarı beynəlxalq hüquqa görə qanunsuz, BMT qətnamələrinə zidd hesab edirik və qəti şəkildə pisləyirik”, – deyə Düjarrik qeyd edib. O, BMT-nin işğal olunmuş ərazilərdə məskunlaşma ilə bağlı mövqeyinin dəyişməz qaldığını vurğulayıb və bu addımların iki dövlətli həllin iflasına gətirib çıxaracağına diqqət çəkib. Düjarrik İsrail hökumətini bütün məskunlaşma fəaliyyətlərini dərhal dayandırmağa və beynəlxalq hüquqa uyğun öhdəliklərinə riayət etməyə çağırıb.
Xatırladaq ki, İsrail daha əvvəl işğal altındakı Şərqi Qüdsdə fələstinlilərdən alınmış torpaqlarda yeni yaşayış məhəllələrinin inşasını və İordan çayının qərb sahilini şimaldan-cənuba ayırmağı nəzərdə tutan “E1 layihəsi”nə yekun təsdiq vermişdi. Planlaşdırma Şurasının təsdiqlədiyi layihəyə əsasən, Şərqi Qüds ilə İordan çayının qərb sahilindəki qanunsuz Maale Adumim yaşayış məhəlləsi arasında 3 401 yeni evin inşası nəzərdə tutulur.
Tarixən Şərqi Qüdsün bir hissəsi sayılan, lakin Ayrım Divarının İordan çayının qərb sahilinə düşən hissəsində yerləşən Əzəriyyə qəsəbəsinin yaxınlığında inşa edilmiş Maale Adumim yaşayış məhəlləsini Qüdsün qərb tərəfinə gedən yola bağlamaq üçün “E1 layihəsi” irəli sürülmüşdü. Bu məqsədlə bölgədə fələstinlilərə məxsus torpaqlar müsadirə edilmiş, 4 mindən çox qanunsuz ev və otelin tikintisi planlaşdırılmışdı. Layihənin əsas məqsədi isə Şərqi Qüdsün İordan çayının qərb sahilindəki fələstin torpaqları ilə əlaqəsini kəsmək və bölgəni tam təcrid etməkdir.