BAKI, AzerVoice, Səməd Əyyubov
Fransa İsrailin baş naziri Binyamin Netanyahunun ittihamlarını rədd edib.
AzerVoice xəbər verir ki, Netanyahu Fransa prezidenti Emmanuel Makronun Fələstin Dövlətini tanımaq niyyətinin antisemitizmi qızışdırdığını iddia etmişdi.
Yelisey sarayının açıqlamasında bildirilib: “Paris tərəfindən sentyabrda Fələstin Dövlətinin tanınması qərarının Fransada antisemit zorakılığın artmasını izah etdiyi barədə iddialar səhvdir, qəbuledilməzdir və cavabsız qalmayacaq.”
Xatırladaq ki, avqustun 20-də Netanyahu Makrona məktub göndərərək, Fransanın BMT Baş Assambleyasının sentyabr sessiyasında Fələstin Dövlətini tanımağa hazır olduğunu bəyan etməsinin “antisemitizmi alovlandırdığını” irəli sürüb. O, mövqeyini son aylarda Fransada baş verən bəzi insidentlərlə əsaslandıraraq onları Parisin anti-İsrail siyasəti ilə əlaqələndirib.
Qeyd edək ki, ötən il Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda İrlandiya, İspaniya və Norveç hökumətləri Fələstin Dövlətini tanıdıqlarını açıqlamışdılar. İsrail buna cavab olaraq həmin ölkələrdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırmış, eyni zamanda Dublində, Madriddə və Osloda akkreditə olunmuş diplomatik nümayəndələri Xarici İşlər Nazirliyinə dəvət etmişdi.