BAKI, AzerVoice, Səməd Əyyubov – Fransa Prezidenti Emmanuel Makron, Əlcəzair vətəndaşlarının öz ölkələrinə deportasiyası ilə bağlı artan gərginlik fonunda, hökumətinə əlcəzairli diplomatlara vizaların verilməsi ilə bağlı qaydaların sərtləşdirilməsini tapşırıb.
AzerVoice xəbər verir ki, bu barədə “Reuters” agentliyi Makronun baş nazir Fransua Bayroya ünvanladığı məktuba istinadla məlumat verib.
Makron, həmçinin Xarici İşlər naziri Jan Noel Barroya 2013-cü ildə imzalanmış və rəsmi pasport sahiblərini viza tələbindən azad edən razılaşmanın dayandırılması barədə Əlcəzair tərəfinə rəsmi məlumat verilməsini əmr edib.
O, Daxili İşlər nazirinə də müraciət edərək, Şengen ölkələrindən Əlcəzairli rəsmilərə veriləcək qısamüddətli vizalarla bağlı Fransa ilə məsləhətləşmə aparmalarını tövsiyə etmələrini istəyib.
Makron, bu qərarın səbəbini belə izah edib:
“Fransa güclü və hörmət edilən bir ölkə olmalıdır. Əgər tərəfdaşlarımızdan hörmət gözləyiriksə, biz də onlara eyni münasibəti göstərməliyik. Bu prinsip Əlcəzairə də aiddir.”
“Le Figaro” qzəetinin yazdığına görə, Makron məktubunda Fransa ilə Əlcəzair arasında münasibətlərin “getdikcə çətinləşdiyini” və daha sərt mövqenin qaçılmaz olduğunu bildirib. O, hökumətə əlavə tədbirlərin görülməsi barədə göstəriş verib.
İki ölkə arasında münasibətlər, Fransanın ötən ilin iyulunda Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanımasından sonra gərginləşib. Sonrakı aylarda Əlcəzairin fransız əsilli yazıçı Buelam Sansalı həbs etməsi və bu ilin fevralında Muluz şəhərində bıçaqlı hücumda şübhəli bilinən bir Əlcəzair vətəndaşının Fransada həbs olunması gərginliyi daha da artırıb.
Fransa Daxili İşlər naziri Bruno Rotayo məsələ ilə bağlı sərt mövqedə olub və Əlcəzairlə viza və miqrasiya rejiminin yenidən nəzərdən keçirilməsini tələb edib. O bildirib ki, Əlcəzair deportasiya qərarı verilmiş vətəndaşlarını qəbul etmədiyindən Fransa bu vəziyyətlə barışmayacaq.
Qeyd edək ki, 1994-cü il razılaşmalarına əsasən, hər iki ölkə öz vətəndaşlarını, xüsusilə təhlükə yaradan şəxsləri geri qəbul etməli idi. Bu, konsulluq təsdiqi əsasında həyata keçirilirdi. Lakin son vaxtlar Əlcəzair bu təsdiqləri verməkdən imtina edib, nəticədə onlarca qanunsuz miqrantın deportasiyası mümkün olmayıb.
Fransanın sərt mövqeyinə cavab olaraq, Əlcəzair Fransa şirkətlərini öz bazarından sıxışdırmağa başlayıb. Xüsusilə buğda idxalı, infrastruktur, nəqliyyat, rabitə və xidmət sektorlarında müqavilələr ya dondurulub, ya da ləğv olunub. Bir çox Fransa şirkətinin lisenziyaları da yenilənməyib.
Hazırda Fransa ilə keçmiş müstəmləkəsi Əlcəzair arasında iqtisadi əlaqələr faktiki olaraq dayanıb və böhranın nə vaxt bitəcəyi məlum deyil.