BAKI, AzerVoice, Səməd Əyyubov – Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bu yay rekord həddə yaxın temperatur artımı müşahidə olunub.
AzerVoice xəbər verir ki, bu barədə Milli Meteorologiya Mərkəzi (NCM) məlumat yayıb.
Məlumata görə, ölkə tarixində ən isti baharın qeydə alınmasından sonra avqustun əvvəlində temperatur kəskin yüksəlib.
Avqustun 1-də səhrada yerləşən Sveyhan şəhərində hava 51,8 dərəcəyə qalxıb. Bu göstərici, 2002-ci ilin iyulunda eyni şəhərdə qeydə alınan və ölkə üzrə rekord sayılan 52,1 dərəcədən cüzi aşağıdır.
Qurum sakinlərə günün ən isti saatlarında günəş altında qalmamağı və açıq havada uzun müddət işləməməyi tövsiyə edib. Lakin bu xəbərdarlığa əməl etmək açıq havada çalışan tikinti işçiləri və fermerlər üçün hər zaman mümkün olmur.
Qeyd edək ki, bu il regionda ekstremal istilər həmişəkindən daha tez başlayıb. Milli Meteorologiya Mərkəzinin məlumatına əsasən, apreldə orta maksimal temperatur rekord səviyyəyə – 42,6 dərəcəyə çatıb. Bu səbəbdən BƏƏ hakimiyyəti sağlamlıq riskləri ilə bağlı əhaliyə xəbərdarlıq edərək günorta saatlarında açıq havada fiziki fəaliyyətdən uzaq durmağa çağırıb.