BAKI,AzerVoice , Fərid Mikayılov
Litvanın baş naziri Gintautas Paluckas istefa etdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Paluckasın qərarı ilə ölkənin 19-cu hökuməti də Konstitusiyaya uyğun olaraq istefaya göndərilib.
“Baş nazir vəzifəsindən istefa vermək qərarını qəbul edərək Litva Respublikasının 19-cu hökumətinin istefasını elan edirəm. Bu, bir qədər dramatik səslənsə də, mən gedirəm, siz isə yeni baş nazir formalaşana qədər vəzifənizi müvəqqəti davam etdirəcəksiniz” – deyə Litva Nazirlər Kabinetinin iclasında çıxış edən Paluckas bildirib.
Litva Konstitusiyasına əsasən, baş nazirin istefası bütün hökumətin istefası deməkdir. Prezident yeni hökumət formalaşana qədər nazirlərə vəzifələrini müvəqqəti icra etməyi tapşıra bilər.
Paluckas barədə korrupsiya iddiaları may ayında Laisves TV və Siena Araşdırma Mərkəzinin birgə araşdırması ilə gündəmə gəlib. İctimai Etika üzrə Ali Komissiya da məsələ ilə bağlı araşdırma başladıb.
Baş nazir uzun müddət ittihamları rədd edərək onları siyasi hücum kimi qiymətləndirib.