Əsas səhifə » Şeynbaum Meksikanın ABŞ ilə razılığa gələ biləcəyinə əmin olduğunu bildirib

Şeynbaum Meksikanın ABŞ ilə razılığa gələ biləcəyinə əmin olduğunu bildirib

BAKI, AzerVoice

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-la razılığa gələcəklərinə və Meksika mallarına idxal rüsumlarının tətbiqinin qarşısını ala biləcəklərinə əmin olduğunu bildirib.

AzerVoice xəbər verir ki, bu barədə o, Sonora ştatına etdiyi işgüzar səfər zamanı ABŞ Prezidenti Donald Trampın Meksikadan idxal olunan mallara 30 faizlik gömrük rüsumu tətbiq olunacağına dair məktubunu şərh edərkən deyib.

“ABŞ-ın Meksika mallarına tətbiq edəcəyi rüsumların qüvvəyə minməsi 1 avqust tarixinə nəzərdə tutulub. Amma dünən ABŞ-dakı həmkarlarımızla apardığımız danışıqlara əsasən hesab edirik ki, ABŞ hökuməti ilə razılaşa və daha yaxşı şərtlərə nail ola biləcəyik. Mən hər zaman demişəm ki, belə hallarda soyuqqanlı qalmaq və istənilən çətinliklərlə müdrik şəkildə başa çıxmaq vacibdir” - deyə, o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, artıq Meksika və ABŞ rəsmilərinin daxil olduğu ikitərəfli işçi qrup fəaliyyətə başlayıb. Bu qrupa Meksikanın iqtisadiyyat, xarici işlər, energetika və maliyyə nazirliklərinin nümayəndələri, həmçinin ABŞ hökumətinin üzvləri daxildir.

Şeynbaum əlavə edib ki, gömrük rüsumlarının tətbiqi təkcə Meksikaya deyil, digər ölkələrə də şamil olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice