BAKI, AzerVoice
Dünya xəritəsində Meksika hələ də suveren dövlət kimi görünür – tanınmış sərhədləri, legitim hökuməti, ordusu və hakimiyyətin bütün atributları ilə. Amma reallıqda, Latın Amerikasının beşinci iqtisadiyyatında tamamilə başqa, paralel idarəetmə sistemi mövcuddur. Burada qanunlar parlamentdə deyil, narkokartellərin gizli qərargahlarında yazılır; vergi toplamaq əvəzinə "qoruma haqqı" ödənilir; seçki bülletenləri isə kirli silahların güllələri qarşısında heç bir dəyər daşımır. Bu, sadəcə "dövlət içində dövlət" deyil. Bu, cinayət utopiyasının girovuna çevrilmiş bir dövlətdir – burada zorakılıq valyuta, cəzasızlıq isə konstitusiyadır.
Nəsillərlə davam edən müharibə: qələbə əvəzinə statistika
2006-cı ilin dekabrında Meksikanın o vaxtkı prezidenti Felipə Kalderon elə bir əmr verdi ki, ölkənin taleyini birdəfəlik dəyişdi. Federal qoşunlar narkokartellər arasındakı toqquşmaları yatırmaq üçün Miçoakan ştatına yeridildi. Həmin an artıq rəsmi olaraq "narkotiklərlə müharibə"nin başlanğıcı sayılır. Müharibə ki, demək olar iki onillikdir davam edir və Meksika bu savaşı fəlakətli hesablarla uduzur.
Son 19 ildə ölkə qan dəryasına çevrilib. 2015-ci ildən bu yana kartellərlə təhlükəsizlik qüvvələri arasındakı toqquşmaların, eləcə də qruplaşmaların öz aralarındakı qırğınların qurbanı 300 mindən çox insan olub. Müqayisə üçün: bu rəqəm Böyük Britaniya ordusunun İkinci Dünya müharibəsindəki bütün itkilərindən çoxdur. Təkcə 2024-cü ildə Meksikada 33 min qətl törədilib – gündəlik 85 nəfər. Hakimiyyət 2025-ci ilin aprelində bu rəqəmin 23 faiz azalaraq gündə 63,5-ə endiyini açıqlasa da, zorakılığın miqyası hələ də dəhşətlidir. Qətl göstəricisi ABŞ-la müqayisədə beş dəfə yüksəkdir.
Amma qətllər yalnız buzdağının görünən hissəsidir. Milli Axtarış Komissiyası 2010-cu ildən bu yana 103 mindən çox itkin düşən insanın qeydiyyatını aparır. Onların çoxu zorla yoxa çıxarılıb. 2006–2023-cü illər arasında ölkənin müxtəlif yerlərində 5 500-dən çox gizli məzarlıq aşkar edilib. Qurbanların çoxunun cəsədləri ya yandırılıb, ya da kimyəvi maddələrlə əridilib – identifikasiya imkansız hala gətirilib. Bu, terrorun sənaye səviyyəsinə çatdırılmış texnologiyasıdır.
Güc gücə qarşı: kartellərə sərf edən asimmetriya
Meksika müharibəsinin ən böyük paradoksu bundadır ki, hökumət hərbi gücü artırdıqca kartellərin nüfuzu daha da böyüyür. 2007-ci ildə cinayətkarlığa qarşı cəbhəyə 40 min əsgər göndərilmişdisə, bu gün onların sayı 100 min nəfəri keçir. Amma analitiklərin hesablamalarına görə, kartellərin silahlı üzvlərinin sayı 185 min nəfərə yaxındır – bu da bütün Meksika ordusunun yarısına bərabərdir.
Onların hərbi arsenalı çox vaxt dövlət ordusunun silahlanmasından da güclüdür. Və ən acı reallıq: bu gücün mənbəyi sərhədin o tayındadır. Hər il ABŞ-dan Meksikaya ən azı 200 min atəşli silah qaçaqmalçılıq yolu ilə keçir. Onlar narkotiklərin daşındığı tunellərlə eyni marşrutdan istifadə edir – sadəcə əks istiqamətdə. Meksika rəsmiləri illərlə həyəcan təbili çalaraq Vaşinqtonu laqeydlikdə ittiham edirlər. Rəqəmlər isə bu ittihamları təsdiqləyir: ABŞ hüquq-mühafizə orqanları üçün qeyri-leqal silah axını prioritet mövzu deyil, baxmayaraq ki, sərhədi "qorumaq zərurəti" barədə pafoslu bəyanatlar ardı-arası kəsilmir.
Hakimiyyətin ürəyinə zərbə: intihar peşəsinə çevrilmiş siyasət
Həqiqi güc ərazilərə nəzarətlə deyil, hakim sinifə oyun qaydalarını diktə etmək bacarığı ilə ölçülür. Meksika kartelləri çoxdan bu mexanizmi də mənimsəyiblər. Ölkədə siyasətçi və ya məmur olmaq – ən təhlükəli peşələrdən biridir.
2024-cü ilin seçkiləri nəticəsində Meksika tarixində ilk dəfə qadın-prezident hakimiyyətə gəldi. Amma bu kampaniya ölkənin siyasi salnaməsinə ən qanlı seçki kimi düşdü. 200-dən artıq namizəd və potensial iddiaçı məhz seçkiyə görə qətlə yetirildi. Bu, “yan təsir” deyildi – bu, kartellərin siyasi meydanı sadiq olmayanlardan təmizləyib gələcək administrasiyalara nəzarəti ələ almaq üçün planlı strategiyası idi.
Terror seçkilərlə bitmir. Integralia konsaltinq şirkətinin “Meksikada siyasi zorakılıq. Yanvar–iyun 2025” adlı hesabatına görə, ilin ilk yarısında 86 aktiv və keçmiş məmur öldürülüb. Avqustda Tамаулипас ştatında Baş Prokurorluğun xüsusi nümayəndəsi Ernesto Vaskesin açıq şəkildə edam edilməsi – klassik hədə-qorxutma nümunəsi idi. Onun “günahı” – kartellərə milyardlar qazandıran yanacaq oğurluqlarını araşdırması idi. Mexiko meri Ximena Qusmanın şəxsi katibinin paytaxtın mərkəzində, müşahidə kameralarının önündə güllələnməsi isə artıq açıq mesajdır: kartellər cəzasızlıqlarını nümayiş etdirir və hakimiyyətin düz ürəyinə çatmaq imkanında olduqlarını göstərirlər.
İqtisadiyyat silahın lüləsi altında: narkotrafikdən kriminal kapitalizmə
“Narkokartel” ifadəsi bu gün əslində köhnəlmiş anlayışdır. Bu, “Amazon”u hələ də “kitab mağazası” adlandırmaq kimidir. Müasir Meksika kartelləri – zorakılıq üzərində qurulmuş yüksək diversifikasiya olunmuş transmilli korporasiyalardır.
İqtisadiyyat və Sülh İnstitutunun (IEP) şok hesabatına görə, 2024-cü ildə təşkilatlanmış cinayətkarlığın Meksika iqtisadiyyatına vurduğu zərər ÜDM-in 18 faizinə çatıb. Ayrı-ayrı ştatlarda bu rəqəm 35 faizə qədər yüksəlir. Bu itkilər səhiyyə büdcəsindən 6 dəfə, təhsil xərclərindən isə 5 dəfə çoxdur. Hər bir vətəndaşa düşən “cinayət vergisi” – 33 905 peso (təxminən 1816 dollar) təşkil edir. 2024-cü ildə inflyasiya 4.21 faiz idi, amma bu “kriminal vergi” olmasaydı, göstərici iki dəfə aşağı olardı.
Raket artıq milli miqyasda sistem problemidir. Meksika İşəgötürənlər Konfederasiyası (COPARMEX) qorxunc statistika təqdim edir: 2015-ci ildən bu yana hədə-qorxu halları 83 faiz artıb. Təkcə 2025-ci ilin ilk üç ayında 6 minə yaxın fakt qeydə alınıb. Amma reallıqda rəqəmlər qat-qat böyükdür – çünki sahibkarların əksəriyyəti cəza qorxusundan susaraq pul ödəməyi üstün tutur.
62 yaşlı təqaüdçü İrma Ernandes Krusun başına gələnlər isə təsadüfi hadisə deyil, gündəlik praktikanın göstəricisidir. O, Verakrusda taksi sürücülüyü ilə məşğul olurdu. Silah lüləsi altında çəkilmiş video-müraciətində həmkarlarına verdiyi mesaj – əslində Meksika kiçik biznesi üçün dövlət qanunlarından daha güclü işləyən “cinayət konstitusiyasıdır”.
Qanlı avokado və civə: cinayətin ekologiyası
Kartellərin təsiri iqtisadiyyatın ən gözlənilməz sahələrinə qədər sızıb. Miçoakan – avokadonun dünya paytaxtıdır. Təkcə 2024-cü ildə bu “yaşıl qızıl”ın ixracı Meksikaya 3,42 milyard dollar qazandırıb. Amma bu məhsul qanla suvarılır. Qlobal Transmilli Cinayətkarlığa Qarşı Təşəbbüsün məlumatına görə, yeni plantasiyaların 80 faizi qoruq ərazilərdə qanunsuz salınıb. Torpaqlarını qorumaq istəyən yerli sakinləri əvvəlcə ələ almağa çalışır, sonra isə kartel silahlıları ilə aradan götürürlər. Nəticə – məhv edilmiş biomüxtəliflik, su ehtiyatlarının tükənməsi və mafiyanın bütün sahəyə total nəzarəti.
Cinayətkarlıq hətta milli kimliyin simvolu sayılan tortilla bazarında da qiymət diktə edir. Milli Tortilla Şurasının məlumatına görə, bazarın 15 faizi – təxminən 20 min satış nöqtəsi – kartellərə müntəzəm “haqq” ödəyir. Bu ödəniş birbaşa məhsulun qiymətinə əlavə olunur.
2025-ci ilin yayında isə dünya daha dəhşətli bir faktla tanış oldu. “Xalisko Yeni Nəsil Karteli” Meksikadan Cənubi Amerika ölkələrinə civə qaçaqmalçılığı üzərində milyonlarla dəyərində biznes qurdu. Hər il ən azı 40 ton bu yüksək toksik metal gizli yolla daşınır. O, qeyri-leqal qızıl hasilatında istifadə olunur və proses zamanı civə buxarları həm işçiləri, həm torpağı, həm də suyu və havanı zəhərləyir. Nəticədə bütöv regionların ekosisteminə bərpası mümkün olmayan ziyan dəyir.
Suverenitetin Sxillası ilə müdaxilənin Xaribdası arasında
Meksika bu gün ideal fırtınanın tam mərkəzindədir. Bir tərəfdən – xarici hərbi müdaxiləyə qəti etiraz. Açıq mənbələrdəki məlumatlara görə, Vaşinqton bu məsələni dəfələrlə gündəmə gətirib. Bu, Meksika üçün həm milli suverenitet, həm də qürur məsələsidir. Digər tərəfdən isə – artıq bir nəslin ömrünü udmuş müharibənin gedişini öz gücü ilə dəyişməkdə açıq-aydın acizlik.
Prezidentin təqribən 80 faizlik etimad reytinqləri cəmiyyətin kriminala qarşı mübarizədə hansısa nəticələri gördüyünə işarə deyil. Bu, daha çox insanların dəyişiklik ümidi və sosial proqramlara inamının göstəricisidir. Amma ümid – yaxşı müttəfiq deyil. Qarşı tərəfdə milyonlarla dollarla maliyyələşən, hərbi strukturlar kimi təşkilatlanmış və cəmiyyətin, iqtisadiyyatın, dövlət aparatının bütün qatlarına sızmış kartellər dayanır.
ABŞ bir tərəfdən Meksikanı səmərəsizlikdə qınayır, digər tərəfdən isə şimaldan silah axınına göz yumur. Meksika hakimiyyəti isə sonadək suverenitetini qorumağa çalışır. Amma real vəziyyətin sahibləri – kartellərdir. Onlar çoxdan sadəcə “narkokartel” deyillər. Bu gün söhbət kartel korporasiyalarından, kartel hökumətlərindən, kartel məhkəmələrindən və kartel repressiya orqanlarından gedir. Faktiki olaraq, Meksikanı onlar idarə edir.
Bu günə qədər isə heç kim vəziyyəti dəyişə biləcək real plan təqdim etməyib. Ölkə taleyüklü yolayrıcında dayanıb: ya öz “ikinci mən”inə çevrilmiş kölgəni məğlub etməyin yolunu tapacaq, ya da əbədi olaraq Kartel Federasiyası olaraq qalmaq riskinə gedəcək – qanunun mövcud olduğu, amma hökmün qanunsuzluq tərəfindən verildiyi dövlət.