BAKI,
AzerVoice
İsrail ordusu Fordo nüvə obyektinə girişin qarşısını almaq üçün
əməliyyat keçirdiyini təsdiqləyib.
AzerVoice xəbər verir ki, İsrail
ordusu İrandakı Fordo Nüvə Müəssisəsinə aparan yola hava hücumu
təşkil etdiyini və obyektə giriş-çıxışı əngəllədiyini
açıqlayıb.
Bu bəyanatla son günlər İsrail mətbuatında yer alan məlumatlar
rəsmi şəkildə təsdiqlənmiş olub.
Ordu obyektin giriş yollarının dəqiq hansı formada vurulduğuna dair ətraflı məlumat paylaşmasa da, hücumun məqsədinin İranın strateji nüvə infrastrukturuna çıxışı məhdudlaşdırmaq olduğu bildirilib. Eyni zamanda, İranın daxili təhlükəsizlik məntəqələrinin və İnqilab Keşikçiləri Korpusuna bağlı hərbi mərkəzlərin də hədəf alındığı vurğulanıb.
İsrailin açıqlamasında Sarullah qərargahı, Baş Kəşfiyyat Mərkəzi və Seyid əl-Şühəda əsgərlərinin yerləşdiyi obyektlərə də zərbələr endirildiyi bildirilib. Ordu bu hücumların İran rejiminin hərbi potensialını zəiflətmək məqsədi daşıdığını qeyd edib.
Qeyd edək ki, iyunun 13-də İsrail İranın bir sıra nüvə obyektlərinə və yüksək rütbəli hərbi rəhbərliyinə qarşı irimiqyaslı hava hücumları həyata keçirib. Bu hücumlar nəticəsində Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı və 9 nüvə alimi də daxil olmaqla onlarla şəxs həlak olub. İran Səhiyyə Nazirliyi mülki itkilərin 430 nəfəri keçdiyini, yaralı sayının isə 3500-dən çox olduğunu açıqlayıb. İyunun 22-də isə ABŞ İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirib.