Əsas səhifə » Suriyada kilsədə terror aktı törədən şəxslər saxlanılıb

Suriyada kilsədə terror aktı törədən şəxslər saxlanılıb

BAKI, AzerVoice

Suriyanın paytaxtdı Dəməşqdə xristian kilsəsində baş verən terror aktına görə məsul olan qrupun üzvləri ölkənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

AzerVoice xəbər verir ki, bu barədə Suriyanın daxili işlər naziri Ənəs Xəttab X sosial şəbəkəsində yazıb.

Bildirilib ki, Suriyanın Daxili İşlər Nazirliyi və kəşfiyyat xidmətinin birgə əməliyyatı nəticəsində terror aktının təşkilatçısı və beş silahlı tutulub. Eyni əməliyyat zamanı daha iki terrorçu öldürülüb. Onlardan biri hücumçunun kilsəyə daxil olmasına kömək edib, digəri isə yaxın günlərdə Dəməşqdə daha bir terror aktı törətməyi planlaşdırırdı.

Nazir əlavə edib ki, bu qrup İŞİD terror təşkilatı ilə əlaqəli olub. Saxlanılan şəxslərin üzərindən silah-sursat, partlayıcı kəmərlər və partlayıcı maddə ilə doldurulmuş motosiklet ələ keçirilib.

Xatırladaq ki, 22 iyun tarixində Dəməşqdə yerləşən Müqəddəs İlya kilsəsinə qarşı terror aktı törədilib. Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, hücumçu əvvəlcə avtomat silahla ibadət edənlərə atəş açıb, daha sonra özünü partladıb. Nəticədə 25 nəfər həlak olub, 60-dan çox insan yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice