BAKI, AzerVoice
Britaniyanın xarici işlər naziri David Lammy İranı Hörmüz boğazını
bağlamamaq və danışıqlara qayıtmaq barədə xəbərdar edib.
AzerVoice xəbər verir ki, Böyük
Britaniyanın xarici işlər naziri David Lammy BBC Radio 4-ə verdiyi
açıqlamada ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarından sonra İran
rəhbərliyinə çağırış etdiyini bildirib.
“ABŞ bazalarına atəş açmaq və ya Hörmüz boğazını bağlamaq çox böyük
bir səhv olar” - deyə o bildirib.
Lammy əlavə edib ki, bölgədəki gərginliyin artdığı bir vaxtda İranın hərbi eskalasiyaya getmək əvəzinə danışıqlar masasına qayıtması daha doğru yanaşma olar. O, İranın xarici işlər naziri Abbas Ərakçiyə zəng edərək rəhbərliyə “nüvə proqramına ciddi yanaşmaq” mesajı göndərməyi də xahiş etdiyini bildirib.
Nazir qeyd edib ki, Qərb müttəfiqləri ABŞ-ın hava zərbələrinin nəticələrini qiymətləndirir və İranın hələ də zənginləşdirilmiş uran ehtiyatlarına malik ola biləcəyini istisna etmirlər. Bununla belə, Lammy hesab edir ki, ABŞ-ın hücumları İranın nüvə proqramını bir neçə il geriyə ata bilər.
“İran üçün hələ də çıxış yolu var”, – deyə nazir əlavə edib və İsveçrənin Cenevrə şəhərində İranla Fransa, Almaniya və Britaniya arasında keçirilən son danışıqların çətin keçdiyini bildirib. Lammy eyni zamanda danışıqlara ciddi yanaşmağın vacibliyini vurğulayıb.
Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə və hərbi obyektlərə hücumlar həyata keçirib. Hücumlar nəticəsində yüksək rütbəli komandirlər və 9 nüvə alimi də daxil olmaqla onlarla şəxs həlak olub. İran Səhiyyə Nazirliyi mülki itkilərin 430 nəfəri keçdiyini, 3500-dən çox insanın yaralandığını açıqlayıb. İsrail isə hücumlara cavab olaraq 24 iranlının öldüyünü, 1272 nəfərin isə yaralandığını bildirib.