Əsas səhifə » İspaniya NATO ilə yeni razılaşmaya nail olub

İspaniya NATO ilə yeni razılaşmaya nail olub

BAKI, AzerVoice

İspaniya hökuməti NATO ilə razılaşmaya nail olub; bu razılaşma krallığı hərbi xərcləri ÜDM-nin 5 faizinə çatdırmaq öhdəliyindən azad edir.

AzerVoice xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes məlumat verib.

"İspaniya hökuməti NATO ilə razılaşmaya imza atdı. Bu razılaşmanı biz olduqca müsbət qiymətləndiririk. Bu, bizə həm Şimali Atlantika Alyansı qarşısında öhdəliklərimizi yerinə yetirməyə, həm də alyansın birliyini qorumağa imkan verəcək. Üstəlik, hərbi xərclərimizi ÜDM-nin 5 faizinə qədər artırmaq məcburiyyətində qalmayacağıq" – deyə, Sançes bildirib.

Onun fikrincə, İspaniya üçün ÜDM-nin 5 faizini müdafiə sahəsinə xərcləmək "proporsional olmayan və lazımsız" bir addım olardı. O qeyd edib ki, ölkəyə təxminən 2 faiz, daha dəqiqi 2,1 faiz ÜDM həcmində hərbi xərclər kifayət edəcək. Baş nazirin sözlərinə görə, xərclərin 2 faizdən 5 faizə qaldırılması Madridə əlavə olaraq 350 milyard avroya başa gələrdi.

ABŞ-ın təzyiqlərinə baxmayaraq, İspaniya əvvəldən hərbi xərclərin bu cür kəskin artırılmasına şübhə ilə yanaşırdı. Apreldə Sançes açıqlamışdı ki, hökumət müdafiə və təhlükəsizlik xərclərini 2025-ci ilə qədər ÜDM-nin 2 faizinə çatdırmağı hədəfləyən planı təsdiqləyib. Əvvəllər bu hədəfin 2029-cu ilə qədər reallaşdırılması planlaşdırılırdı. Bu məqsədlə, krallıq 10,4 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

Digər Kateqoriyalar

2025 © Azervoice