Əsas səhifə » İsrail-İran münaqişəsinin Avropa üçün ciddi nəticələri olacaq - Orban

İsrail-İran münaqişəsinin Avropa üçün ciddi nəticələri olacaq - Orban

BAKI, AzerVoice

İsrail-İran münaqişəsi, o cümlədən ABŞ-ın bu münaqişəyə müdaxilə etməsi Avropa üçün ciddi nəticələr doğuracaq.

AzerVoice xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Facebook sosial şəbəkə hesabında etdiyi paylaşımda xəbərdarlıq edib.

O bildirib ki, Avropa yeni qaçqın axını və artan terror təhlükəsi ilə üzləşə bilər.

“İsrail-İran müharibəsinin nəticələri Avropaya da çatacaq: nümayişlərə və artan terror təhdidlərinə hazır olmalıyıq. Biz daha üstün mövqedəyik, çünki Macarıstanın miqrant ölkəsinə çevrilməsinə imkan verməmişik” - deyə, Orban vurğulayıb.

O əlavə edib ki, bugün Yaxın Şərqdəki vəziyyətlə bağlı Müdafiə Şurasının iclasını çağırıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice