Əsas səhifə » Fransa XİN Suriyadakı terror aktını pisləyib

Fransa XİN Suriyadakı terror aktını pisləyib

BAKI, AzerVoice

Fransa, Dəməşqin şərqində yerləşən xristian kilsəsinə qarşı həyata keçirilmiş və azı 15 nəfərin ölümünə səbəb olan terror aktını kəskin şəkildə pisləyib.

AzerVoice xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

"Fransa, 22 iyun gecəsi Dəməşqdəki kilsə ibadətçilərinə qarşı törədilmiş bu iyrənc terror aktını qəti şəkildə pisləyir" – deyə, bəyanatda bildirilib.

Fransa XİN, bu kontekstdə Suriyanın sülh yoluna qayıtmasını ümid etdiyini vurğulayaraq, ölkədəki keçid dövrünün başa çatmasına və Suriyanın təhlükəsiz, azad, vahid, plüralist və rifahlı bir dövlətə çevrilməsinə sadiqliyini ifadə edib.
Bəyanatda, həmçinin Fransanın Suriyada İŞİD-ə qarşı beynəlxalq koalisiya çərçivəsində aparılan mübarizəyə və terrorizmin aradan qaldırılmasına sadiqliyi bir daha təsdiqlənib.

“Biz Suriya hakimiyyətinə lazım olan bütün dəstəyi verməyə hazırıq” – deyə, bəyanatın sonunda qeyd olunub.

Xatırladaq ki, iyunun 22-də Dəməşqin şərqində yerləşən xristian kilsəsində terrorçu-kamikadze avtomat silahla ibadət edənlərə atəş açıb, daha sonra özünü partladıb. Hadisə nəticəsində azı 15 nəfər həlak olub, təxminən 30 nəfər isə yaralanıb. Suriya hökuməti bu hücumun məsuliyyətini “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzərinə qoyub.

Digər Kateqoriyalar

2025 © Azervoice