Əsas səhifə » ABŞ və ya İsrail ilə danışıqlar aparmaq mənasızdır - İran XİN

ABŞ və ya İsrail ilə danışıqlar aparmaq mənasızdır - İran XİN

BAKI, AzerVoice

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra ABŞ və ya İsraillə danışıqların aparılması mümkün deyil.

AzerVoice xəbər verir ki, bunu İran Xarici İşlər Nazirinin müavini Məcid Taxt-Rəvançi, ARD telekanalına verdiyi müsahibədə deyib.

“Danışıqları davam etdirmək tamamilə mənasızdır” – deyə, o müvafiq sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice